Portuqaliyanın məşhur çimərlik qəsəbəsi Albufeyradakı turistlər şəhəri yalnız çimərlik paltarında gəzsələr, böyük cərimələrlə üzləşə bilərlər.
Lent.az xarici KİV-ə istinadla yazır ki, cənubdakı Alqarve regionunda, həm də son vaxtlar “əyləncə şəhərciyi” kimi şöhrət qazanan kurortun səlahiyyətliləri şəhər küçələrində yalnız çimərlik paltarında və ya şalvarda dolaşanlara 1500 avroya qədər cərimə tətbiq etməyi təklif ediblər.
Yeni qaydaların müəllifləri deyirlər ki, təkliflər Albufeyranı "mirasına və şəxsiyyətinə dəyər verən multikultural, ailə dostu və təhlükəsiz yer" kimi qorumaq məqsədi daşıyır.
Şəhər rəsmiləri qorxur ki, bütün şəhər boyu ictimai çılpaqlıq həddindən artıq “yerli əhaliyə və bələdiyyənin turizm məkanı kimi imicinə arzuolunmaz ziyan vura bilər”.
Bu, şəhərin əsas küçəsi Rua-da-Ourada barda çılpaq rəqs edən səkkiz britaniyalının viral videolarının internetdə yayılmasından sonra baş verib.
Bundan əlavə, hələ təsdiqlənməmiş sənəddə ictimai yerlərdə cinsi əlaqə, sidiyə getmə və spirtli içki qəbulunun qadağan ediləcəyi bildirilir.
Üstəlik, yeni qaydalar təkcə küçələrin özlərinə deyil, həm də ictimai yerlərdən görünən müəssisələrin terraslarına, o cümlədən açıq çimərlik barlarına şamil ediləcək. Bu o deməkdir ki, bu cür davranışa yol verən müəssisələr də ciddi cərimələrə məruz qala bilər.
Qeyd edək ki, bu, belə qaydaları tətbiq edən ilk Avropa şəhəri deyil – əvvəllər Barselona və Malaga (hər ikisi İspaniya), Dubrovnik (Xorvatiya), Nitsa (Fransa) və Sorrento (İtaliya) belə tədbirlərə əl atıb.