Qaranlıq materiya detektoru görün, nəyi aşkar etdi?
17 sentyabr 2021 15:03 (UTC +04:00)

Qaranlıq materiya detektoru görün, nəyi aşkar etdi?


    Kembric Universitetinin alimləri XEON1T adlı qaranlıq materiya detektorunun aktivliyini analiz edərək bildiriblər ki, o, qaranlıq enerjini aşkar etmiş ola bilər. 2020-ci ildə fiziklər bildirmişdilər ki, qaranlıq materiyanın aşkar edilməsi üçün nəzərdə tutulmuş təcrübi XEON1T detektoru qəribə siqnal təyin edib. İndi isə alimlər qeyd ediblər ki, detektor həmin vaxtda qaranlıq materiya əvəzinə qaranlıq enerjini aşkar etmiş ola bilər. Qaranlıq enerji mənfi təzyiqə sahib və kainatda bərabər paylanan hipotetik enerji növüdür. Onun, kainatı dayanmadan genişləndirdiyi və qalaktikaları bir-birilərindən uzaqlaşdırdığı hesab edilir. Bundan əlavə olaraq işıq ilə heç bir qarşılıqlı əlaqədə olmayan qaranlıq materiya var.

    Onun yeganə təzahürü isə ulduzlara, qalaktikalara və qalaktikalardan ibarət qruplara olan qravitasiya təsiridir. Lakin elə bir vəziyyət ola bilər ki, qaranlıq materiyanın hissəciyi adi materiyanın hissəciyi ilə toqquşsun. Bu halda müvafiq qurğu vasitəsilə qaranlıq materiyanı aşkar etmək olar. XEON1T isə bu cür təcrübi qurğulardan biridir. Bu, daxili maye ksenon ilə dolu olan çəndir və o, yer səthindən çox dərin məsafədə quraşdırılıb. İdeyanın əsas məğzi ondan ibarətdir ki, əgər qaranlıq materiyanın hissəciyi çəndən keçsə, o, ksenon atomlarını həyəcanlandıracaq. Daha sonra işıqlanma və sərbəst elektronların atılması baş verəcək.

Detektor isə öz növbəsində bu hadisəni təyin edə biləcək. İlk öncə alimlər fikirləşdilər ki, XEON1T qurğusunun qeyri-adi aktivliyinin səbəbi hipotetik elementar hissəcik hesab edilən Günəş aksionudur. Onu isə bu cür qurğu ilə aşkar etmək mümkündür. Lakin alimlər indi bu ideyanı təkzib ediblər. Onlar bildiriblər ki, bu cür siqnalın əldə olunması üçün çoxlu sayda Günəş aksionu lazım olmalı idi. Bunun yerinə onlar güman edirlər ki, qaranlıq materiya detektoru təsadüfən qaranlıq enerjini aşkar edib. Alimlər qeyd ediblər ki, bu məlumat hələ dəqiq deyil və onlar bu istiqamətdə olan araşdırmalara davam edirlər.

# 1992
avatar

Oxşar yazılar