NASA:  Kosmonavtların idrak qabiliyyəti getdikcə zəifləməyə başlayır!
26 noyabr 2024 12:24 (UTC +04:00)

NASA: Kosmonavtların idrak qabiliyyəti getdikcə zəifləməyə başlayır!

 NASA tərəfindən Beynəlxalq Kosmik Stansiyada aparılan yeni bir araşdırma, kosmosda olduqları müddətdə astronavtların idrak qabiliyyətlərinin zəiflədiyini ortaya qoyub.
 Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 2000-ci ildən etibarən fəaliyyət göstərən Beynəlxalq Kosmik Stansiyada bu günə qədər həm üzvi, həm də qeyri-üzvi maddələr üzərində çoxlu araşdırmalar aparılıb. Beləliklə, müxtəlif materialların kosmos şəraitində necə reaksiya verdiyi öyrənilib. Lakin bəlkə də ən vacib tədqiqat birbaşa astronavtların üzərində aparılan tədqiqatdır. Uzun müddət stansiyada vaxt keçirən astronavtları ətraflı şəkildə araşdıran alimlər, kosmos şəraitinin insan bədəni üzərindəki təsirlərini öyrənmək imkanı əldə ediblər. Bu tədqiqatları sürətlə davam etdirən alimlər, qısa müddət əvvəl diqqətəlayiq bir faktı aşkar ediblər. Kosmosa gedən astronavtlar, orada olduqları müddətdə beyinlərini Yer kürəsində olduğu qədər effektiv istifadə edə bilmirlər. Çünki aparılan testlər astronavtların kosmosda olduqları zaman idrak qabiliyyətlərinin zəiflədiyini göstərir.

NASA-nın Davranış Sağlamlığı və Performans Laboratoriyasında çalışan tədqiqatçılar tərəfindən aparılan bu araşdırmanın nəticələri yaxın zamanda "Frontiers" jurnalında dərc olunub. 6 ay ərzində Beynəlxalq Kosmik Stansiyada vaxt keçirən astronavtlar üzərində aparılan tədqiqat, kosmosda vaxt keçirən və Yer kürəsinə geri dönən astronavtların idrak qabiliyyətlərinin qalıcı olaraq zəifləmədiyini göstərir. Lakin kosmosda aparılan idrak testlərində onların Yer kürəsindəki performansları ilə müqayisədə daha zəif nəticələr göstərdiyi məlum olub.
     

Beynəlxalq Kosmik Stansiyada keçirilən testlərdə astronavtların məlumat emal etmə sürətinin azaldığı, vizual yaddaş və diqqət səviyyələrinin zəiflədiyi, risk alma meylinin isə artdığı müəyyən edilib. Xoşbəxtlikdən, bu dəyişikliklər Yer kürəsinə geri döndükdə əvvəlki səviyyələrinə qayıdır. Bu, beynindəki dəyişikliklərin müvəqqəti olduğunu göstərir. Buna baxmayaraq, bu dəyişikliklərin səbəbini anlamaq üçün yeni tədqiqatlar davam etdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3243
avatar

Oxşar yazılar