Yeni sızdırılan məlumatlara görə, “Apple” 2026-cı ildə təqdim etməyi planlaşdırdığı “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərində kamera sistemini əhəmiyyətli dərəcədə yeniləməyə hazırlaşır.
Lent.az xəbər verir ki, məlumata görə, cihazların arxa kamera bloku daha qalın olacaq və obyektivlərin ölçüsü də əvvəlki nəsillərlə müqayisədə böyüyəcək.
İddialara əsasən, əsas kamera daha böyük sensor və yeni optik sistemlə təchiz ediləcək. Bu dəyişikliklər sayəsində zəif işıq şəraitində daha keyfiyyətli foto və videolar çəkmək, həmçinin ümumi görüntü keyfiyyətini artırmaq mümkün olacaq.
Hazırda bu məlumatlar yalnız sızmalara əsaslanır və Apple tərəfindən rəsmi şəkildə təsdiqlənməyib. Şirkətin “iPhone 18” seriyasını 2026-cı ilin sentyabrında təqdim edəcəyi gözlənilir.