Yeni təqdim olunmuş “iPhone 15” seriyalı smartfonları avtomobildə şarj etmək mümkün deyil.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb “iPhone 15”, “iPhone 15 Plus”, “iPhone 15 Pro” və “iPhone 15 Pro Max”da NFC çipləri bəzi avtomobillərdə quraşdırılmış simsiz şarj cihazlarından istifadə edərkən zədələnmə ehtimalıdır.
Bildirilir ki, problem bəzi son model BMW və Toyota Supra avtomobillərində müşahidə olunub. Şirkətə görə, bu avtomobillərdə simsiz enerji doldurmanın istifadəsi nəticəsində yaranan NFC çipindəki nasazlıqlar müvəqqəti xarakter daşıyır. Lakin bu nasazlığın səbəbi açıqlanmır.
Apple bu problemi 2023-cü ilin sonuna qədər proqram yeniləməsi ilə həll edəcəyini vəd edir. Bu vaxta qədər şirkət sözügedən avtomobillərin sahiblərinə quraşdırılmış şarj cihazları olan “iPhone 15” seriyalı smartfonlardan istifadə etməyi tövsiyə etmir.
Artıq bu problemlə qarşılaşmış istifadəçilər üçün “Apple” ən yaxın səlahiyyətli xidmət mərkəzi ilə əlaqə saxlamağı tövsiyə edir.