"Apple" şirkəti insan səhhətinin müxtəlif göstəricilərini ölçə biləcək smart üzük üzərində çalışır.
Lent.az xəbər verir ki, bu barədə ABŞ-ın Patentlər və Əmtəə Nişanları İdarəsi "Apple" şirkətinin yeni patent sorğusu barəsində məlumat təqdim edib.
Belə ki, sözügedən smart üzük insan səhhətinin müxtəlif göstəricilərinin monitorinqində istifadə edilə bilər. Şirkətin bu yeni texnologiyası ürək döyüntülərinin tezliyini, qandakı oksigen miqdarını, arterial təzyiqi və digər özəllikləri ölçə bilər.
Eyni zamanda, smart üzük OLED ekran ilə də təchiz oluna və səsli əmrlər funksiyasını dəstəkləyə bilər. "Apple" şirkətinin planına əsasən smart üzük istifadəçi bədəninin statik və ya hərəkətdə olan vəziyyətini, bədənin hərəkət sürətini və barmaqlarla reallaşdırılan jestləri təyin edə biləcək.
Ehtimallara görə, smart üzüyün idarəsi smartfon vasitəsilə reallaşdırılacaq. Həmçinin üzük tərəfindən əldə ediləcək məlumatlara da məhz smartfon vasitəsilə nəzər yetirmək mümkün olacaq. Bu cür özəlliklər patent sorğusunda əks olunmuş smart üzüyü bir növ smart saata çevirirlər.
Smart üzüyün texniki özəllikləri və onun nə zaman satışa çıxacağı barəsində heç bir məlumat əks olunmayıb.