Avstraliyanın Yeni Cənubi Uels Universitetinin texniki qrupu tərəfindən yaradılan, günəş enerjisi ilə işləyən “Sunswift 7” avtomobili 12 saat ərzində 1000 kilometr məsafəni qət edərək, yeni dünya rekorduna imza atıb.
Lent.az xəbər verir ki, avtomobil 1000 kilometr məsafəni 11 saat, 53 dəqiqə və 32 saniyəyə qət edib. Bu da orta hesabla saatda təxminən 85 kilometr sürətə bərabərdir. Eyni zamanda, 100 kilometrə enerji sərfiyyatı cəmi 2,8 kilovat-saat təşkil edib. Bu nailiyyət aerodinamika və səmərəlilik sahələrində aparılan bir sıra tədqiqatlar və onların nəticələrinin innovativ mühəndis həlləri formasında həyata keçirilməsi nəticəsində mümkün olub.
Mütəxəssislər indi telemetriya məlumatlarını və rekordun rəsmi tanınması və müvafiq sertifikatın əldə edilməsi üçün tələb olunan bütün digər əlavə məlumatları Ginnesin Rekordlar Kitabı komitəsinə təqdim ediblər.