DxOMark laboratoriyasının mütəxəssisləri tərəfindən aparılan kamera sınaqlarının nəticələrinə əsasən, “Huawei Mate 60 Pro+” smartfonu ən yüksək reytinqi alıb və portalın qlobal reytinqinə başçılıq edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, “Huawei Mate 60 Pro+” üçlü kamera ilə təchiz olunub. Dəyişən diyafram f/1.4-f/4.0 olan 48 MP-lik əsas modul 40 MP təsvir ölçülü ultra geniş bucaqlı sensor və 3.5x optik zumlu 48 MP-lik telefoto obyektivlə tamamlanır.
DxOMark mütəxəssisləri cihazın sınaqlarının nəticələrinə əsasən belə qənaətə gəliblər ki, smartfonun kameraları əksər çəkiliş ssenarilərində, xüsusən də portret və landşaft rejimlərində əla nəticələr nümayiş etdirir. Onun kamerası geniş dinamik diapazon, dəqiq ekspozisiya, zəngin rənglər, sürətli və etibarlı avtofokus, effektiv stabilizasiya eləcə də yüksək keyfiyyətli bokeh ilə seçilir.
Bununla belə, “Huawei Mate 60 Pro+” kamerasının çatışmazlıqları da var.
Mütəxəssislər qeyd edirlər ki, az işıqlı şəraitdə video çəkiliş zamanı səs-küy və artefaktlar görünür, HRD videonu belə şəraitdə çəkəndə isə detalların itməsi nəzərə çarpır. Bununla belə, smartfon zəif işıqlı səhnələrdə üz kontrastı və dəri tonu ilə səhv edə bilər.
Buna baxmayaraq, bu çatışmazlıqlar yekun nəticəyə təsir etməyib – “Huawei Mate 60 Pro+” reytinqə başçılıq edib və sələfi “Mate 60 Pro”nu bir xal qabaqlayaraq 144 xal toplayıb.