DxOMark mütəxəssisləri Honor X9c smartfonunun avtonomiyasını sınaqdan keçirib və onu ən uzunömürlü qurğular reytinqində birinci yerə layiq görüblər.
Honor X9c 66 Vt sürətli enerji doldurmanı dəstəkləyən 6600 milliamper/saat tutumlu akkumulyator, 2700x1224 təsvir ölçülü və 120 Hz təzələnmə tezliyinə malik 6,78 düymlük OLED ekran, həmçinin Qualcomm Snapdragon 6 Gen 1 çipi ilə təchiz edilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, sınaqların nəticələrinə görə, smartfon gündə 7 saat intensiv istifadə etməklə bir dəfə enerji ilə 55 saat işləyib. Orta rejimdə gündə 4 saatdan istifadə etməklə cihaz 89 saat, qənaətli rejimdə isə sutkada 2,5 saat 128 saat fəaliyyət göstərib.
DxOMark testlərində Honor X9c aşağıdakı nəticələr göstərib: oyunlarda 15 saat 25 dəqiqə, videoya baxarkən 29 saat 2 dəqiqə və telefon danışığında 42 saat 23 dəqiqə.
Doldurma müddətinə gəlincə, nəticələr layiqli olsa da, rekord qıran deyil: tam doldurma 70 dəqiqə çəkəcək. Ekspertlər həmçinin göstərilən və faktiki şarj səviyyələri arasında uyğunsuzluğu qeyd ediblər. Şarjın 15,8 faizini ölçərkən sistem 20 faizini göstərib.