Yer kürəsinə bənzəyən “GJ 1132 b” adlı ekzoplanet Yer kürəsinə bənzəsə də, bir sıra özəlliklərə görə fərqlənir.
Lent.az “technote”a istinadən xəbər verir ki, alimlər “Hubble” teleskopu vasitəsilə aşkar ediblər ki, nə vaxtsa, bu planetin atmosferi ulduz radiasiyasının təsiri nəticəsində məhv olub.
Lakin vulkanik aktivlikdən sonra planet öz ətrafında yeni atmosfer yarada bilib. Nəticədə planetin yeni atmosferi hidrogendən, metandan və sianid turşusundan ibarətdir.
Yer kürəsindən 41 işıq ili uzaqlığında yerləşən “GJ 1132 b” adlı ekzoplanet təəccübləndirici dərəcədə Yer kürəsinə bənzəyir. Hər iki planet eyni sıxlığa, ölçüyə və yaşa sahibdir. Hər iki planetin tarixçəsi hidrogen tərkibli atmosferdən başlayıb və yüksək temperaturda qızma prosesindən keçib.
Alimlərin fikirlərinə əsasən, “GJ 1132 b” də Yer kürəsi ilə eyni atmosfer təzyiqinə sahibdir. Lakin planetlərin arasında fərqlilik də var. Alimlər təyin ediblər ki, “GJ 1132 b” hidrogendən ibarət sıx atmosferli qaz planeti şəklində yaranıb.
Bununla belə, onun diametri Yer kürəsinin diametrindən qat-qat böyükdür. Lakin cavan ulduz radiasiyasının təsiri nəticəsində ekzoplanet öz ilkin hidrogen və helium tərkibini itirib.
Qısa müddət ərzində ekzoplanetdən yalnız Yer kürəsi ölçüsündə nüvə qalıb. Daha sonra isə ən maraqlı proses başlayıb.
“Hubble” teleskopu alimlərə planetin daha sonra yaranmış ikinci atmosferini göstərib. Uzunmüddətli müşahidə və kompüter modelləşdirməsi sayəsində məlum olub ki, planetin atmosferi hazırda molekulyar hidrogendən, metandan və sianid turşusundan ibarətdir. Alimlər güman edirlər ki, planetin ilkin atmosferində olmuş hidrogen mantiyanın maqmasına hopub və indi vulkanik aktivlik nəticəsində tədricən maqmadan çıxaraq planetin yeni atmosferini yaradır.
Vulkanik proseslərin davam etməsi çün mantiya lazımi səviyyədə isti və duru halda olmalıdır. Alimlərin fikrincə, bu cür kəşf digər ekzoplanetlərin aşkar edilməsində vacib rol oynaya bilər.