Səhrada ölüm-dirim savaşı: imperiya necə tələyə düşdü? – <span style="color:red;">Tarixin sandığından
21 sentyabr 2019 19:00 (UTC +04:00)

Səhrada ölüm-dirim savaşı: imperiya necə tələyə düşdü? – Tarixin sandığından

Britaniya imperiya sistemində Ərəbistan yarımadasının əhəmiyyəti müstəsna idi. 1869-cu ildə Süveyş kanalının inşası və Misirin ingilislər tərəfindən istilasından sonra bu regionun dəyəri bir az da artdı. Misir Qırmızı və Aralıq dənizlərini Süveyş kanalı vasitəsilə Atlantik və Hind okeanları hövzəsinə birləşdirən bir zəncirə çevrildi – imperiyanın öz müstəmləkələrilə su yolu ilə bağlantını qurmuşdu. İngiltərənin Hindistan, Avstraliya və Cənubi Afrika ilə rabitəsini təmin edən əsas imperiya kabeli də məhz burdan keçirdi. İngilislər indi də, Kapştadt (Keyptaun) – Qahirə - Kəlküttə dəmir yolu magistralının inşası üzərində düşünürdülər və bu əzəmətli layihə həyata keçsəydi, Böyük Britaniyanın Şərqdə dominantlığı möhkəmlənəcəkdi. Bundan savayı, London – Qahirə - Bağdad – Bəsrə - Kəraçi – Kəlküttə hava xətti də Ərəbistan yarımadasından Mesopotamiyaya keçir, ingilislərin məşhur Kərkük – Hayfa neft kəməri də oralardan ötürdü. Beləliklə, bu region Böyük Britaniyanın iqtisadi, siyasi və hərbi maraqlarının mərkəzində dururdu. İngiltərə öz nüfuzunu genişləndirmək, əsas rəqibi olan Osmanlı imperiyasını aradan qaldırmaq üçün bu regionu əlində möhkəm saxlamalı idi.

 

Birinci Dünya müharibəsinin başlanması ilə Ərəbistan yarımadası Böyük Britaniya ilə Türkiyə arasında qarşıdurma meydanına çevrildi. Burda müharibə aparmağın öz çətinlikləri vardı: yaxşı yolların olmaması, qumsallıqlar, isti iqlim, su mənbələrinin azlığı... Əhalisi seyrək olan bu diyarın nəhəng ərazisi ingilisləri məcbur edirdi ki, ərzaq və yem tədarükünü yalnız vadilərdə aparsın. Bütün bunlar müharibənin ilk dövrlərində Britaniya qoşunlarını yerində saymağa məcbur etdi. Onlar dəmir yolları çəkməli, artezian quyuları qazdırmalı olurdular ki, fəaliyyətdə olan ordularını ərzaq və sursatla təmin edə bilsinlər. Məhz Ərəbistandakı müharibə meydanının bu xüsusiyyətləri ingilisləri vadar etdi ki, rəqibi gücdən salmaq məqsədilə türklərin arxa cəbhəsində ərəb qiyamları təşkil etmək üçün dəridən-qabıqdan çıxsınlar.

 

İngilislərin ən strateji vəzifəsi Hicaz və Dəməşq dəmir yolu xəttinin fəaliyyətini pozmaq idi – bu xətt türk qoşunlarının Süveyş kanalı ərazisindəki qüvvələrinin təminatı üçün əsas arteriya idi. Belə mühüm strateji vəzifənin öhdəsindən yalnız partladıcı maddələrlə bol-bol təmin edilən, səhrada nəqliyyatı dəvələrdən ibarət olan ərəb qiyamçıları uğurla gələ bilərdi. Sərt, susuz səhra şəraitində yüz kilometrlik məsafəni ağır yüklə asanca qət edən dəvələr ərəblərə imkan verirdi ki, düşərgələrinin və su mənbələrinin yerindən asılı olmayaraq, istənilən səmtə hərəkət edə bilsinlər. Üstəlik, dəvələr elə səhranın özündən qidalanır, bir ərəb süvarisinin ongünlük normasını, yəni 40 funt unu birdəfəyə daşıyırdı.

Müharibənin əsas ağırlığını çiyinlərində daşıyan ərəb dəstələri ingilislərə birbaşa hərbi köməkdən əlavə daha bir üstünlük verirdi. Məhz ərəblərin bu prosesə qoşulması nəticəsində britaniyalılar Qərb cəbhələrində döyüşən qoşunlarının çəkib, Ərəbistana gətirməyə məcbur qalmadılar.

 

O zamanlar bütün Ərəbistan yarımadasında millətçilik hərəkatı genişlənirdi və artıq türklərə qarşı genişmiqyaslı mübarizə başlamışdı. Bu məqamda, Ərəbistan yarımadasının cənubunda ingilislərin havadarlıq etdiyi vəhabi dini təriqətinin lideri və hakimiyyətdə olan Haşimi sülaləsinin qəddar düşməni Əbd-ül-Azid ibn Səud türklərə qarşı qiyam qaldırdı. Haşimilər siyasi klanının başçısı 1916-cı ildə Hicaz sultanı elan edilmiş Məkkə şeyxi Hüseyn-ibn-Əli idi. Və o, türklərə qarşı açıq çıxış etməyə heç tələsmirdi. Hüseynlə danışıqları ingilis kəşfiyyatçısı Tomas Eduard Lourens aparırdı. O, sonralar çox məşhurlaşacaq, nəinki regionda, hətta Avropada belə, “Lourens Ərəbi” adı ilə tanınacaqdı. Lourens həqiqətən ərəb üsyanlarının həm təşkilində, həm də sonradan onlara rəhbərlik etməkdə aparıcı rol oynayırdı. Bu maraqlı şəxsin həyatını tədqiq edən Liddel Qart yazırdı ki, Lourens Ərəbi yarımadada Britaniya imperiyasının qarşısında duran vəzifələrin öhdəsindən gəlməyə qadir olan yeganə istedadlı sərkərdə və təşkilatçı idi. O, “türklərin qüdrətini zəifliyə, ərəblərin zəifliyini isə qüdrətə çevirə bildi”.

 

Hüseynlə neçə aylar sürən danışıqlar razılaşma ilə başa çatdı. Bu razılaşmaya əsasən, əlverişli məqamda Hicaz ərəbləri də türklərə qarşı çıxış edəcəkdilər. Əvəzində, İngiltərə o zamanlar Osmanlı imperiyasının bir parçası olan ərəb torpaqlarının gələcək müstəqilliyinə (müəyyən istisnalarla) tam zəmanət verirdi.

 

Lakin ingilis kəşfiyyatının və diplomatiyasının planları başqa idi. İngilis kəşfiyyatının regiondakı bürosu vəhabiləri dəstəkləyirdi. Büronun başçısı Seynt Con Filbi gələcəkdə sovet kəşfiyyatçısına çevriləcək məşhur Kim Filbinin atası idi. 1917-ci ildə Con Filbi məxfi tapşırıqla Ər-Riyada yollanır. O, ibn-Səuda çatdırmalı idi ki, kral V Georq Osmanlı imperiyasının iflasından sonra məhz onu Ərəb konfederasiyasının rəhbəri təyin etmək niyyətindədir. Xarici İşlər Nazirliyinin nümayəndəsi Mark Sayks isə digər “vasitəçilərdən” fərqli olaraq, ayrı planın həyata keçməsinə çalışır və fransızlarla Türkiyəni necə böləcəkləri üzərində danışıqlar aparırdı. Maraqlıdır ki, Sayks – Piko müqaviləsi kimi tanınan həmin sənəddə gələcəkdə ərəb-ingilis münasibətlərinin pozulmasına səbəb olacaq məqamlar vardı.

 

Ərəblərin üsyanı heç də, Lourensin öz xatirələrində inandırmaq istədiyi kimi, “Böyük Ərəb dövləti qurmaq” ideyasını gerçəkləşdirmək üçün nəzərdə tutulmamışdı. Ərəblərin mübarizəsi onları kölə halına salmağa, torpaqlarını öz müstəmləkəsinə çevirməyə çalışan Britaniya imperializminin ənənəvi “parçala - hökm sür” siyasətinin ruhuna tam uyğun gəlirdi. Lourensin özü ərəb “dostlarını” səylə aldatsa da, çox sonralar “Səhrada üsyan” adlı bioqrafik kitabında belə bir etiraf edəcəkdi: “Vəziyyətin belə radikal şəkildə dəyişməsi bizi qəfil yaxaladı və məni çox çaşdırdı... ərəblərin gözündə bu dərəcədə hörmətdən düşməyimiz heç xoşagələn deyildi. Ərəblər onsuz da bizim çox böyük hədəflər naminə mübarizə apardığımıza həmişə şübhə ilə yanaşırdılar, amma indi öz incikliklərini artıq birbaş üzümə vururdular”.

 

Amma buna hələ xeyli vardı...

 

Beləliklə, ərəblərin üsyanı başladı və Lourens Ərəbi bu üsyanda əhəmiyyətli rol oynadı. İngilis kəşfiyyatı da fürsəti fövtə verməyib, üsyançı dəstələrə yardıma başladı. Ciddə və Rabuq limanlarına ərzaqla dolu bir neçə gəmi gəldi, Böyük Britaniya hər üsyançıya görə ayda iki funt, hər dəvəyə görə dörd funt maaş kəsdi. “Müxtəlif qəbilələrdən yığılmış bu ordunu beş ay ərzində cəbhələrdə saxlamaq üçün bundan savayı yolu yox idi” – bunu da Lourens Ərəbi yazır...

 

Amma tezliklə vəsait tükəndi, ərzaqlar elə ərəblərin özləri tərəfindən talandı. Zorla bir araya gətirilmiş insanlardan ibarət dəstələr artıq dağılmaq ərəfəsində idi. İngilislərin hərəkata rəhbərlik edən, siyasi qərarlar verən yüksək rütbəli məmurları, generalları – Misirin Ali komissarı Henri Mak-Maqon, Sudanın general-qubernatoru Recinald Vinqeyt və Ost-İndiadakı dəniz qüvvələrinin vitse-admiralı Rosslin Vemiss ağır duruma düşmüşdü. Bu üç rəis arasında əlaqələndirici rolunu briqada generalı Gilbert Kleyton həyata keçirirdi. O, həm də Misirdəki hərbi kəşfiyyat missiyasının və siyasi kəşfiyyat qurumunun, Sudan rezidenturasının rəhbəri idi. Kleytonun həm də dəniz qüvvələrinin Baş qərargahı ilə sıx əlaqəsi vardı. Elə ingilis kəşfiyyatının “Ərəb bürosuna” nəzarəti də Kleyton gerçəkləşdirirdi. Tənbəl adam təsiri bağışlayan bu şəxs, əslində, bütün zəruri işlərin gedişindən öz kanalları vasitəsilə müntəzəm xəbər tutmaq bacarığına, güclü yumor hissinə malik idi və tərəflər arasında bütün münaqişələri ustalıqla aradan qaldırırdı.

 

Məhz Kleyton vaxtında həyəcan təbilini çalaraq, ingilis hökumətini ərəb üsyanına ciddi kömək göstərməyə vadar etməyə çalışırdı. Lakin hökumətin daxilindəki ziddiyyətlər və Qərb cəbhəsində vəziyyətin acınacaqlı durumu ucbatından İngiltərədən Ərəbistana heç bir yardım gəlmədi, hələ üstəlik, qoşunların bir hissəsi Avropaya qaytarıldı. Maraqlıdır ki, mayor Lourens də İngiltərədən əlavə briqada göndərilməsinə qarşı çıxmışdı. O, Hüseynin oğullarından ən cəsarətlisi əmir Feysəllə görüşdən yenicə qayıtmışdı və bu fikirdə idi ki, Məkkəyə gələn yolun qarşısını kəsən təpələri ərəblərin özü də qoruya bilər, yetər ki, onlar yüngül artilleriya və pulemyotlarla, texniki yardımla təmin edilsinlər.

 

Lourens regiona əlavə qoşun birləşmələrinin gəlməsini həm də ona görə istəmirdi ki, onların gəlişi ərəbləri şübhələndirər, vəd edilmiş gələcək müstəqilliyin indidən məhdudlaşdırılması barədə iddialar yaradar və bununla da, zorla əldə olunmuş birliyi məhv edə bilərdi.

 

Maraqlıdır ki, Lourens Ərəbinin mövqeyi Londondakı hökumətin fikri ilə üst-üstə düşür, ali rəhbərlik tərəfindən tam müdafiə olunur. Məhz elə buna görə də Lourensi müşavirlik və rabitəçilik etməsi üçün Feysəlin yanına yollayır. Bu, onun xidmətlərinin komandanlıq tərəfindən şəksiz etirafı kimi qiymətləndirildi.

 

Lourens isə naz edərək, qiymətini artırmaq üçün deyirdi ki, mən hərbçi deyiləm, müharibə ilə əlaqədar şeylərdən tamam uzaq bir adamam və bu işi həqiqi ordu kadrlarından ibarət zabit komandasının görməsini daha məqsədəuyğun sayıram. Buna baxmayaraq, Kleyton ona qəti əmr edir ki, yeni vəzifələrinin icrasına təcili başlasın....

 

1916-cı il dekabr ayının axırlarında Lourens Ərəbi Feysəlin düşərgəsinə gəlib çıxdı və həmin gündən etibarən, onu bir an belə gözdən qoymadı. O, özünün məşhur “27 maddə”sini də o zamanlar formalaşdırdı. Bu məxfi sənəd regiona yeni gələn Britaniya zabitlərinə ərəblərlə davranış normalarını şərh edirdi. Tövsiyənin sonuncu – 27-ci maddəsində deyilirdi: “Ərəblərlə düzgün davranmağın sirri onları fasiləsiz və müntəzəm öyrənməkdir. Həmişə ayıq-sayıq olun; heç vaxt yersiz danışmayın; özünüzə, yoldaşlarınıza qarşı daim diqqətli olun. Baş verən hadisələri fəhmlə izləyin, onların səbəblərini tapmağa çalışın. Ərəblərin xarakterini, zövqlərini və zəifliklərini öyrənin və öyrəndiklərinizi büruzə verməyin... Unutmayın ki, sizin uğurunuz, onu qazanmaq üçün sərf edəcəyiniz zehni enerjinin miqdarı ilə düz mütənasib olacaq”.

 

O vaxt ərəblərlə uğurla işləyən tək Lourens deyildi. Nyukomb, Hornbi, Coys, Cevenport və Britaniya ordusunun başqa kəşfiyyatçıları da az iş görmürdülər. Onlar da Lourens kimi, var güclərilə “ərəbə çevrilməyə yönəldərək, ərəb libasları geyməyə başlamışdılar...” - bunu da, Liddel Qart öz memuarlarında yazırdı. Ərəb dəstələri bu zabitlərin iştirakı ilə partizan müharibəsi taktikasına yiyələnərək, türklərin kiçik qarnizonlarına basqın edir, körpüləri partladır, qatarları aşırırdılar.

 

Bu cür lokal partizan əməliyyatları müharibənin gedişinə həlledici təsir göstərə bilməzdi, amma türkləri zəif salır, onların kommunikasiya imkanlarını məhdudlaşdırırdı. Feysəllə Lourensin başçılıq etdiyi dəstələr Akabu limanını ələ keçirə bildi, amma bu, yalnız taktiki uğur idi. Hadisələrin gedişinə nizami ordunun müdaxiləsi zəruri idi.

 

27 iyun 1917-ci ildə Misirə yeni komandan, ser Edmund Allenbi gəldi. O, artıq özünü Avropa cəbhələrində göstərmişdi. Allenbinin ləqəbi “Öküz” idi və bu ləqəb onun düşmənləri, tabeçiliyində işləyənlərlə davranışına tam uyğun gəlirdi.

 

Lourens Allenbi ilə tez dil tapdı və onlar müttəfiqə çevrildilər. Allenbi ona ərəbləri ələ almaq, maaşlarını vermək üçün 500 min funt-sterlinq pul ayırdı.

 

Lourens bu fikirdə idi ki, strateji və siyasi baxımdan, ərəblərlə ingilislərin yaxınlığını mümkün qədər az nümayiş etdirmək, tərəflərin müstəqil fəaliyyətinə çalışmaq lazımdır. Allenbi bu fikirlə razılaşdı və onlar eyni məqsədlə, amma ayrı-ayrılıqda fəaliyyət göstərməyə başladılar.

 

Ərəbistan səhrasındakı hərbi əməliyyatlarının gedişini geniş təsvir etmək fikrimiz yoxdur, amma belə epizodların oxucular üçün maraqlı olduğunu nəzərə alıb, kəşfiyyat fəaliyyətilə bilavasitə bağlı olan bir neçə döyüş epizoduna toxunacağıq, çünki, onlardan bəhs etmədən, mənzərəni təsəvvürdə tam canlandırmaq mümkün olmayacaq.

 

İngilis qoşunlarının vəzifələrindən biri güclü türk qarnizonu tərəfindən müdafiə olunan Qəzza nahiyəsini ələ keçirmək idi. Hücuma keçən qoşunu kəşfiyyat məlumatları ilə təmin etmək və su mənbələrini ələ keçirmək üçün, düşmənin əsas mövqelərinə hücum başlayanadək, Beer-Şeva adlı istehkam nahiyəsi tutulmalı idi. Düşmənin əsas qüvvəsini zəif nöqtəyə cəlb etməyin yeganə yolu isə onu aldatmaq idi. Bu əməliyyatın uğurlu olmasının ümdə şərti məxfilik idi. Bütün hazırlıqlar məxfi şəraitdə aparılır, əsas qüvvələr son anadək cinahda – Qəzza yaxınlığında saxlanılırdı. Lakin komandanlığa belə bir məlumat çatmışdı ki, türklər ingilislərin planı barədə müəyyən informasiya əldə edə biliblər.

 

Bu səbəbdən, düşməni aldatmaq üçün aktiv əməliyyat tələb olundu. Əməliyyatın planını Britaniya kəşfiyyatının zabiti Maynertshagen hazırlamışdı. Planın mahiyyəti bundan ibarət idi ki, Qəzza üzərinə əsas hücum ərəfəsində, Bee-Şevaya yalançı hücum olacağı barədə xəbər türklərə çatdırılsın. Plana lazımi sənədlər də əlavə edilmişdi. Əməliyyata böyük inandırıcılıq vermək üçün, kəşfiyyat guya İngiltərədən gəlmiş bir neçə məktub, habelə, “qərargahda çalışan bir zabitin öz dostuna yazdığı”, yalançı hücum planını kəskin tənqid edən və içində inandırıcı olsun deyə, 20 funt əskinas olan daha bir məktub hazırladı. Onların hamısını əşya heybəsinin içinə qoyub, heybəni qana bulaşdırdılar. Sonra, 1917-ci il oktyabrın 10-da kəşfiyyatçılardan biri cəbhə xəttini keçdi, türk süvarilərinin qarovul dəstəsinə tuş gələrək, onları atəşə tutdu və öz təqibinə nail oldu və yaralanıbmış kimi, yəhərdən asılaraq, “təsadüfən” heybəsini, durbinini və bir neçə başqa əşyasını yerə saldı. Onu təqib edən türk süvarilərinin diqqəti həmin əşyalara yönələn kimi, kəşfiyyatçı fürsətdən istifadə edib, uzaqlaşa bildi...

 

Nəticə yüzfaizlik olsun deyə, bir neçə gündən sonra ingilis ordu birləşmələrində komandirlərə məxsus bir qeyd dəftərçəsinin itdiyi barədə elan da vardı. O elanın da, buterbrodlar bükülmüş bir nüsxəsi “təsadüfən” cəbhə xəttini keçib, düşmənin əlinə düşdü...

 

Yaralı ingilis zabitinin əşya heybəsini tapan türk zabiti mükafatlandırıldı, korpus komandiri isə kəşfiyyatda olarkən özü ilə sənəd götürməyi qadağan etdi. Lakin ingilislər üçün ən gözəl xəbər bu tədbirdən sonra türklərin bütün diqqətinin Qəzzanın müdafiəsinə yönəlməsi, sol cinahdakı mövqelərinin başlı-başına buraxılması oldu...

 

Alman generalı Kress fon Kressenşteyn isə alman-türk ordu qrupunun baş komandanı Falkenhaynın bütün qüvvələri Beer-Şevaya yönəltmək əmrinə baxmayaraq, öz diviziyasını ehtiyat üçün Qəzza yaxınlığındakı türk cinahının arxasında saxlamışdı. Hətta oktyabrın 31-də Beer-Şevaya hücum həqiqətən başlayanda belə, Kress yerindən tərpənmədi. Alman-türk qoşununun yanlış mövqelərdə durmasının əsas səbəbi ingilis kəşfiyyatının bicliyi idi...

 

Şəhər elə həmin gün alındı. Qüvvələrini Qəzza nahiyəsində cəmləşdirən ingilislər şəhəri tutub, türk cəbhəsini yardılar və 1917-ci il dekabrın 9-da Yerusəlim şəhərinə girdilər. Bu qələbə xristian Avropası üçün Britaniya ordusunun müzəffər yürüşünün başlanğıcına çevrildi.

 

Britaniyalıların əzəmətli hücumu 1918-ci il sentyabrın 19-da başlanmalı idi. Hücumun yolunu iri mərkəz olan Əmman kəsirdi. İngilislərin bu hücumda uğuru Deraa dəmir yolu qovşağını ələ keçirməkdən, ya da, ən azından, onun sıradan çıxarılmasından asılı idi, çünki hər üç türk ordusu üçün dəmir yolu ilə əlaqənin mərkəzi orada idi və 4-cü türk ordusunu geri çəkiləcəyi xətt də ordan keçirdi.

Yenə dezinformasiya əməliyyatı həyata keçirildi, amma bu dəfə onun müəllifi Lourens oldu. Bu plan əvvəlcə, “Əmman üzərinə yalançı hücum təşkil etməkdən ibarət idi, amma əslində, Deraa yaxınlığındakı dəmir yolu xətti məhv ediləcəkdi. Biz bundan o yanasını hələ düşünmürdük”, - Lourens xatırlayır.

 

O, diqqətlə düşünüb bu qənaətə gəlmişdi ki, ərəb dəstələrinin Əmman yaxınlığında düzülüşü artıq hücuma hazırlığa dəlalət edirdi. Amma bu, türkləri Əmmana real hücum olacağına inandırmaq üçün bəs eləmirdi. O yaxınlıqdakı ərəb kəndlərinə bir neçə nəfər göndərib, oralardakı arpa ehtiyatının hamısını nağd pula aldı. Arpanı satanlar qarşısında qoyulan şərt isə ondan ibarət idi ki, onlar əvvəla, bu müamiləni sirr kimi saxlayacaqdı; ikincisi, arpanı hansı düşərgəyə çatdırmaq lazım olduğu barədə xəbər yetişənə kimi, tapdıqları arpanın hamısını Lourens üçün saxlamalı idilər. Bundan başqa, Lourens kimdən qoyun almaq mümkündürsə, hamısını dörd agentinin əli ilə siyahıya aldırdı və onlarla düşərgəyə gətirməli olduqları qoyunlarla bağlı müqavilə bağladı. Bunun müqabilində, hələ heç nə almamasına rəğmən, agentlərinə babat faiz də ödədi. Eyni zamanda, camaat arasında belə bir söhbət yayıldı ki, yem və ərzaq tezliklə Əmmana hücum edəcək ingilis qoşunları üçün alınır.

Hücuma az qalmış, Lourens Madəb nahiyəsinə baş çəkdi. Orada təyyarələrin enməsi üçün iki kiçik meydança seçdi, yerli ərəbləri bu meydançaların, eniş nişanlarının, tüstü siqnallarının mühafizəsinə cəlb etdi. “Təbii ki, mən bu adamları hasarın üstündə oturub qarovul çəkmək üçün işə alırdım, amma onlarla söhbət zamanı “tam təsadüf” nəticəsində ağzımdan qaçırdım ki, təyyarələr Əmman üzərinə hücumda iştirak edəcək”.

Madəbaya yalançı hücum planını hazırlayarkən, Lourens və Allenbi işə yerli zebi qəbiləsinin türklərlə sıx əlaqəsi olan çənədənboş başçısını da cəlb etdilər. Lourens öz əlaqələrindən istifadə edib, 4-cü türk ordusunun ərəb zabitlərini xəbərdar etdi ki, ən yaxın zamanlarda Əmmana şərq və qərb tərəfdən sarsıdıcı zərbə endirmək planlaşdırılır. Macəra ölüsü olan Lourens Ərəbi hətta Hornbi və ərəb köməkçilərilə bir yerdə Madəbaya hücumun dəqiq planını kağız üzərində işləməkdən də vaz keçmədi. “Mən bütün nüfuzumdan istifadə edərək, Bəni-Səhr qəbiləsinin bütün şeyxlərini Hornbi ilə işbirliyinə sövq etdim və dedim ki, o, cənubdan hücum edəcək, mən isə türklərin yolunu şimal və şərqdən kəsəcəm”. Bu yayındırıcı manevrin bir hədəfi vardı: Lourensi Deraada uğur qazansa, yalançı hücum olacaqdı.

 

Türklərin bu hücumdan qabaqcadan “xəbər tutaraq”, qoşunları onun nahiyəsinə atması göstərdi ki, düşmən aldanıb. “İlkin tədbir kimi, - Lourens xatırlayırdı, - biz Əmman yaxınlığındakı xətti kəsərək, Deraadan gələ biləcək köməyin qabağını aldıq və türkləri belə düşünməyə məcbur etdik ki, bizim Əmmana yalançı hücumumuz əslində həqiqidir”. Bunu Türk qoşunlarının alman komandanı Liman fon Sandersin yanına “fərari hind əsgəri” göndərməklə nail oldular və o, komandana Lourensin həqiqi niyyəti barədə xəbər çatdırdı: ingilislər Deraaya hücum edəcək! Hindli əsgər sözlərinin düzlüyünə elə and-aman edirdi ki, general onu, əslində olduğu kimi, ingilis agenti saydı və dezinformasiya məqsədli informasiya ötürdüyünü düşündü. Bu, almanlarla türkləri daha möhkəm inandırdı ki, düşmənin planı Əmmana hücum deyil. Nəticədə, general öz qoşunlarını ingilislərin sarsıdıcı zərbəsi altında qoymuş oldu...

 

İngilislərin hücumu almanlar, türklər üçün çox gözlənilməz oldu. İki türk ordusu darmadağın edildi, Deraa və Əmman isə yenə ingilis qoşunlarının əlinə keçdi. Bu əməliyyat Suriyada antitürk üsyanı üçün başlanğıc siqnalı oldu.

1918-ci il sentyabrın 30-da ərəb qoşunları Britaniya ordusunun tərkibindəki avstraliyalıların köməyi ilə Dəməşq şəhərini tutaraq, bütün binalardan ərəb bayrağı asdılar. Düzdür, bundan dərhal sonra hakimiyyətə kimin gələcəyi ətrafında ərəb qəbilələrinin başçıları arasında çəkişmələr başlandı, amma Lourens ingilis kəşfiyyatının burdakı nümayəndəsi kimi, şəhərin ərəb komendantını təyin etdi və müvəqqəti administrasiya formalaşdırdı. Oktyabr ayının 3-də isə Lourens hakimiyyəti şəhərə gəlmiş general Allenbiyə ötürüb, Qahirəyə, ordan da, Londona yola düşdü. Londona yollananda, o artıq polkovnik rütbəsi almışdı.

 

Maraqlıdır ki, rütbələrə, mükafatlara biganə olan Lourens Allenbidən polkovnik rütbəsini ona görə istəyirdi ki, Londona gedərkən, Avropadan xüsusi qərargah qatarının rahat vaqonlarında keçə bilsin; belə üstünlüyə yalnız polkovniklər və generallar malik idi. “Mən rahatlığı sevirəm”, - Lourens yazırdı...

Hərbi əməliyyatlar davam edirdi və 1918-ci il oktyabrın 31-də Türkiyə müharibədən çıxdı, 11 gündən sonra isə Almaniyanın özü də kapitulyasiya imzaladı.

 

Britaniya kəşfiyyatının sonrakı vəzifəsi metropoliyanın Ərəbistan yarımadasında, Mesopotamiya və Fələstində ağalığı üçün münbit şərait yaratmaqdan ibarət idi. Bunu yalnız ərəblərin marağını güdməklə eləmək olmazdı; Fələstin və Suriya ərazisinin bir qisminə iddia edən fransızların da marağı nəzərə alınmalı idi.

Nəticədə, Suriyanın idarəçiliyinə mandatı Fransa; Fələstin və Mesopotamiyanın idarəçiliyinə mandatı Böyük Britaniya aldı. İngiltərə Bütün Ərəbistan yarımadasının ağasına çevrildi. Və beləliklə, ərəblərin müstəqillik ideyası xülya olaraq, qaldı.

Bu, tarixin tamam yeni dövrünün başlanması demək idi...

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7407
avatar

İlqar Əlfi

Oxşar yazılar