Müasir Türkiyənin sərhədlərini cızan, “Böyük Yunanıstan” planlarını puç edən DÖYÜŞ
05 noyabr 2024 20:15 (UTC +04:00)

Müasir Türkiyənin sərhədlərini cızan, “Böyük Yunanıstan” planlarını puç edən DÖYÜŞ

Türkiyənin Qurtuluş Savaşının sonuncu və ən böyük döyüşü - Dumlupınar döyüşü müasir Türkiyənin sərhədlərini müəyyən edən ən önəmli hadisədir. 

Lent.az yunan ordusunun tam məğlubiyyəti və Kiçik Asiya kampaniyasının iflası, yunanların Kiçik Asiyadan köçü və Mustafa Kamal Atatürkün başçılığı altında müasir Türkiyə dövlətinin zəfəri ilə başa çatan həmin döyüş barədə məlumatı təqdim edir.

Birinci Dünya Müharibəsində ciddi rol oynamayan, lakin xarici siyasətdə bir çox üstünlüklərə nail olan Yunanıstanın planı iddialı idi: Osmanlı İmperiyasının çoxlu hissələrə bölünməsinə nail olmaq, Anadolunun qərb hissəsini əlindən almaq, Frakiya və İstanbulu ələ keçirərək “Böyük Yunaqnıstan” qurmaq. 

Onlar qalib Antantanın bu işdə ona tam dəstək verəcəyinə və dünya müharibəsindən məğlub ayrılan türklərin buna müqavimət göstərməyəcəyinə inanırdı. İlk başda hər şey yunanların istədiyi kimi gedirdi. Kiçik Asiyada kampaniya uğurla inkişaf edirdi, lakin yunanlar Anadolunun dərinliklərinə çox getdilər və taktiki səhv edərək cəbhə xəttini uzatdılar. Digər yandan, Mustafa Kamal Atatürkün başçılığı altında xarici işğala qarşı çıxan Türkiyə dövlətinin də Anadolunu öz aralarında bölən ingilislərə, fransızlara, italyanlara və yunanlara vermək fikri yox idi, əksinə, hücum planı hazırlanırdı.
1922-ci ildə cəbhədə xüsusilə qeyri-adi vəziyyət yaranmışdı. Həlledici zərbə yunan cəbhəsinin ən həssas hissəsinə - ruhdan düşmüş və tükənmiş ordu  hissələrinin əksəriyyətinin cəmləşdiyi Afyon bölgəsinə yönəldilmişdi. Həmin istiqamətdə hücuma Mustafa İsmət Paşanın komandanlığı ilə Türkiyə Qərb Cəbhəsinin qoşunları cavabdeh idi. Ankara istiqamətini Yakup Şevki Paşanın 2-ci Ordusu qoruyur, cənubda isə Nurəddin Paşanın 1-ci Ordusu yerləşirdi. 1 avqust 1922-ci il tarixi üçün Qərb Cəbhəsindəki türk qoşunları 16 piyada və 4 süvari diviziyasından (98.670 süngü, 5000-dən çox qılınc, 323 top, 1200 pulemyot, 20 təyyarə) ibarət idi. Bu istiqamətdə mövqelərinin müdafiəsi ilə məhdudlaşan yunan komandanlığı strateji təşəbbüsü Türkiyə tərəfinə vermişdi.

Avqustun 26-na keçən gecə türk süvari korpusu sakitcə yunan qüvvələrinin arxa hissəsinə keçdi. Səhər saat 04:30-da Türkiyə artilleriyasından birinci müdafiə xəttində duran Yunanıstan qoşunlarına şiddətli atəş başladı. Baş komandan Mustafa Kamal Paşa döyüşə birbaşa nəzarət edirdi. Müharibənin ən ağır və həlledici anı başlamışdı. Türklər gün ərzində inadla düşmən mövqelərinə hücum etdilər, lakin yunan ordusunun əksər alayları inadla müqavimətini davam etdirir və itirilmiş mövqelərini geri qaytarmaq üçün daim əks-hücuma keçirdi. Amma yunanların baş qərargahı İzmirdə yerləşdiyindən onlar yerlərdəki real vəziyyəti bilmir, döyüş meydanına aid qeyri-müəyyən və səhv əmrlər verirdi. Bu vaxt türklər yunan müdafiəsinin müəyyən sahələrini getdikcə tükəndirir, eyni zamanda digər istiqamətlərdə yunanların hərəkətlərini məhdudlaşdırırdılar.

Avqustun 27-si bazar günü səhər sübh çağı türk ordusu yenidən bütün cəbhə boyu hücuma keçdi. Bunun əsasını, türklərin inanılmaz səyləri bahasına başa gələn süngü hücumları idi. Axşama yaxın türk ordusu əsas yüksəklikləri tutdu və yunan cəbhəsini yarıb dəmir yolunu kəsdilər. Yunanların qeyri-mütəşəkkil tələsik geri çəkilməsi başladı, bu da korpus və bölmə komandirləri arasında əlaqənin itirilməsinə səbəb oldu. Ordu iki yerə bölündü. Həmin gün türk qoşunları döyüş meydanı və ətraf ərazinin mənzərəsini təqdim edən strateji Afyonkarahisar şəhərini geri aldı. Mustafa Kamal Atatürkün qərargahı məhz bu şəhərə köçdü.

Avqustun 28-29-da uğurlu hücum əməliyyatı nəticəsində yunan qoşunlarının böyük bir qrupu dərədə sıxışdırılıb məhv edildi. Ertəsi gün, 30 avqust Yunan ordusu üçün “qara gün”, Türkiyə üçün isə zəfər anı oldu. Yunan qüvvələri artilleriya atəşi və türk piyadaları, süvarilərinin hücumları altında məhv edilirdi. 

Cəbhənin yarılması Anadoluda yunan ordusunun taleyini birdəfəlik müəyyənləşdirdi. 800 km məsafədə mövqeləri uzadılmış, qərargahla əlaqəsi itirilmiş, avqustun sonundakı həlledici döyüşlərdə iştirak etməyən yunan diviziyalarının əksəriyyəti Yunanıstana təxliyə üçün limanlara çəkilməyə məcbur oldu.

Son akkord sentyabrın 9-da İzmirin türk ordusu tərəfindən azad edilməsi oldu. Sentyabrın 18-də bütün Qərbi Anadolu yunan qoşunlarından təmizləndi. Artıq oktyabrın 11-də atəşkəs elan edildi, buna görə Yunan qoşunları Şərqi Fraksiyanı da tərk etdi. 23 iyul 1923-cü ildə Lozanna sülh müqaviləsinin imzalanması ilə Türkiyə və Yunanıstan müasir sərhədlərini müəyyən etdilər və yunanlar “Böyük Yunanıstan” xülyasından birdəfəlik əl çəkdilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4977
avatar

Vüqar İsmayılov

Oxşar yazılar