Dünyadakı bütün münaqişələrin kökündə duran müharibədən 106 il ötür - TARİX
11 noyabr 2024 22:00 (UTC +04:00)

Dünyadakı bütün münaqişələrin kökündə duran müharibədən 106 il ötür - TARİX

Birinci Dünya Müharibəsi bu gün İkinci Dünya Müharibəsi qədər xatırlanmır və o, hadisələrin canlı şahidləri artıq həyatda yoxdur. Buna baxmayaraq, bu gün ümumiyyətlə keçən əsrin “proto-fəlakəti” adlandırılan Birinci Dünya Müharibəsi - demək olar ki, bütün gələcək faciələrin kökü idi.

Lent.az 1918-ci ilin bu günü – noyabrın 11-də Fransanın Kompyen meşəsində imzalanan və Birinci Dünya Müharibəsinə son qoyan atəşkəs razılaşmasının 106-cı ildönümü ilə bağlı bu bəşər müharibəsi barədə xatırlatma edir.

Birinci Dünya Müharibəsi 4 imperiyanın – Almaniya, Avstriya-Macarıstan, Rusiya və Osmanlı İmperiyalarının süqutu ilə nəticələnən, 18,5 milyon insanın ölümü, o dövrdə dünyada mövcud olan 59 müstəqil ölkədən 39-nun qatıldığı misli görünməmiş hərbi qarşıdurma idi.

4 il 3 ay sürən müharibəyə 1918-ci il noyabrın 11-də imzalanmış Kompyen razılaşması son qoydu. Kompyen meşəsində, qatar vaqonunda, müttəfiq qüvvələrin baş komandanı Ferdinand Foş və Almaniya hökumətinin dövlət katibi Matias Erzberger, eləcə də iki ölkənin nümayəndə heyətinin digər üzvləri atəşkəs sazişi imzaladılar. Atəşkəs həmin gün qüvvəyə minməli idi. Birinci Dünya Müharibəsinin yekun nəticəsi, 6 ay sonra, Almaniyanı alçaldıcı güzəştlərə getməyə məcbur edən 28 iyun 1919-cu ildə imzalanan Versal müqaviləsi ilə yekunlaşdırıldı.

Müqaviləyə əsasən Almaniya böyük təzminatlar ödəməyə məcbur idi və Elzas və Lotaringiya, Poznan, Saarland, Danziq və bir sıra başqa əraziləri (müharibədən əvvəlki ərazilərinin təxminən 10%-i) itirdi, Almaniya bütün müstəmləkələrdən məhrum edildi, 100 mindən çox orduya və müasir silahlara sahib olmaq qadağan olundu. Xüsusilə utancverici məqam Almaniyanın müharibədən sonrakı sülh sisteminin müzakirələrində iştirak etməkdən məhrum olunması, ödənişlərlə bağlı problemlərə görə ərazilərinin bir hissəsinin işğal edilməsi (Reyn demilitarizasiya zonası). Və ən təhqiramiz məqam, məğlub olan Almaniyanın Birinci Dünya Müharibəsinin yeganə təşəbbüskarı və günahkar tərəf kimi müəyyən edilməsi idi.

Və bütün bu narazılıqlar 1918-ci ilin noyabrına qədər Almaniyanın heç də məğlubiyyətə yaxın olmadığı və inqilabın yalnız daxili xəyanət ucbatından baş verməsi fikri ilə yanaşı, almanlarda revanşist əhval-ruhiyyənin yaranmasına və gələcəkdə İkinci Dünya Müharibəsinin başlanmasına vəsilə oldu.

Ümumilikdə, Birinci Dünya Müharibəsi zamanı döyüş meydanında təxminən 9,5 milyon insan həlak oldu. Almaniyanın itkiləri 2 milyondan çox, Rusiya İmperiyasının itkiləri 1,8 milyon nəfər təşkil etdi. Və bu rəqəmlər, mülki şəxslər arasında itkiləri, eləcə də psixi zədələr almış insanların sayını nəzərə almır.

Müharibədən keçib vətənə qayıda bilənlərdən biri də sonradan “itirilmiş nəslin” səsinə çevrilmiş yazıçı Erix Mariya Remark idi. 

Sənayeləşmə müharibəni daha da qeyri-insani etdi. Birinci Dünya Müharibəsinin ən böyük hərbi döyüşü, "Verden qəssabaxansı" kimi tanınan Verden döyüşü dünya tarixinin ən qanlı hərbi əməliyyatlarından biri kimi tarixə düşdü. Döyüş 300 gün davam etdi və təxminən 1,5 milyon insanın həyatına son qoydu. Hər il 1 kq sursat tapılan Verden çöllərində təxminən 25 milyon ton partlayıcı və 100 min ton kimyəvi qumbara partladılıb. Verden döyüşü istənilən müharibənin mənasızlığını və amansızlığını nümayiş etdirir - minlərlə itkiyə baxmayaraq, strateji baxımdan bu döyüş mənasız oldu və cəbhə xəttinə ciddi təsir göstərmədi. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5187
avatar

Vüqar İsmayılov

Oxşar yazılar