Böyük Çölün döyüşkən sakinləri, şaha məktub, qanlı işğal... – TARİXİN SANDIĞINDAN
03 dekabr 2019 20:15 (UTC +04:00)

Böyük Çölün döyüşkən sakinləri, şaha məktub, qanlı işğal... – TARİXİN SANDIĞINDAN

Qızıl Orda dövləti və Teymur imperatorluğunun parçalanmasından sonra yaranan üçüncü böyük xanlıq Qazax xanlığı idi. Digərlərindən fərqli olaraq, Qazax xanlığının bir hissəsi Teymurilərin, digər əraziləri isə Orda dövlətinin tərkibində idi. Qazaxların bir türk boyu olaraq tarixdə yer alması bu gündən baxanda türk tarixi üçün çox önəmli hadisə idi. Bugünkü qazaxlar öz milli kimliklərinə, tarixi adlarına, adət-ənənələrinə, milli qanunlarına sadiq halda yaşayırlar.

Qazaxlar kimlərdir?

Qazax türklərinin söy-kökü haqqında müxtəlif araşdırmalar mövcuddur. İlk olaraq “qazax” sözünün mənasını açmağa çalışan alimlər adın hansı dövrdən işləndiyini tapmaqda çətinlik çəkirlər və bu, son dövrlərin aktual mübahisə mövzusudur. Onlara görə, qazaxlar Göyürk dövləti tərkibində yaşamış bir boy idilər. İmperiya dağılanda onların bir qismi indiki Qazaxıstan çöllərində dağınıq yaşamağa başlamış, digər qismi isə qarluqlarla birləşərək, ucqar sərhədləri qonşu xalqların hücumlarından qorumuşdular. Döyüşkən qazaxlar monqol yürüşləri zamanı süvari ordu dəstələrinə bölünərək, bu dövlətin ordularının tərkibində yürüşlərə qatılmışdılar. Macar əsilli alim German Vamberinin araşdırmalarına görə, qazax adı IX əsrdən etibarən yazılı mətnlərdə keçməkdədir. O, qazax adını  “xas” (kas) və “sak” adlarının birləşməsindən yarandığını bildirir. Ona görə qazaxların kökəni hun, sak və göytürklərə bağlıdır. Qazax tarixçisi K.R.Amancolov yazır ki, orta əsrlərdə qazax “tabe olmayan”, “mərd”, “cəsur”, “haqq-hesab edən” mənasında bir topluma verilən ad olub. Bir çox tarixçilərin də araşdırmalarının nəticəsi Amancolovun araşdırması ilə eynilik təşkil edir. Fəzlullah Rəşidəddinə görə, Yeddisuya köçən Canıbəy və Kereyin idarə etdiyi siyasi topluma qazax adı verilmişdir. Tarixçilərin qazax adına rast gəldiyi digər mənbə fars şairi Əbülqasım Firdovsidir. O da qazaxları “qədim dövrdə yaşamış bir xalq” olaraq yazmışdır. Nəhayət, qazaxlar haqqında ən güvənilən açıqlamaya 5 cildlik “Qazaxıstan tarixi”nin 2-ci cildində rast gəlinir: “IX – X əsrlərdə şərqi Qıpçaq Çölündə qıpçaqların arasında “kazak” adı ilə sosial qrupların varlığı haqqında məlumatlar var. Qazax adı əvvəl xalqa verildi, sonra bu ad dövlətə gətirildi”.

Monqolların gəlişindən sonra qazaxlar bu dövlətin tərkibində toplum olaraq birləşə bilmişdilər. Daha sonra Teymur imperiyası tərkibinə qatılan qazaxlar burada da eynən toplu halında yaşamışdılar. Qazax türklərinin ilk siyasi təşkilatlanması XV əsrdə baş vermişdir. Əbülxeyir Xan (1428-1468) adlı tayfa başçısı qazax toplumunu birləşdirərək, Teymurun oğullarının idarəsində olan dövlətdən çıxdıqlarını elan etdi. Xalqın ilk dövləti olan Qazax xanlığını qurdu. Xanlıq güclü deyildi, iqtisadi-siyasi əsasları, ordu quruculuğu nizamlanmamışdı deyə, tarixçilər bu dövləti dövlət qurumu adlandırmaqla kifayətlənirlər. Sistemli siyasi quruluşa malik Qazax xanlığı isə 1470-ci ildə hazırkı Qazaxıstan dövləti ərazisində “Qazax xanlıq dövləti” adı ilə yaranmışdır. Bu dövləti yaradan Çingiz Xan nəslindən olan Uruc Örik xanın nəvələri Canıbəy və Kerey olmuşdular. Onlar Əbülxeyir Xanın dövlətindən ayrılaraq, yeni xanlığı qurmuşdular. Bu haqda o dövr müəllifi Məhəmməd Heydər Dulati belə yazır: “Əbülxeyir xan bir çox tayfaları incidirdi. Bu da Canıbəy və Kereyin Monqolustana getməsinə səbəb oldu. Orada onları yaxşı qarşıladılar və Qazıbaşı ərazisini hədiyyə etdilər. Onlar Qıpçaq Çölünə qayıdanda Əbülxeyirin idarəsindən 200 min nəfər özbək-qazaxlar adı ilə onların tərəfinə keçdi”.

Digər müəllif Əl-Kulandi yazırdı:

Yeni qurulan qazax xanlığının qarşısında üç məqsəd vardı:

  1. Qıpçaq Çölündə hakimiyyət qurmaq;
  2. Şərq və qərb arasındakı karvan ticarəti yollarına nəzarəti ələ almaq;
  3. Dağınıq halda olan qazax qəbilələrini bir yerə toplamaq;

Az sonra xanlıq gücləndi, bir çox qəbilələr, eyni zamanda Noqay, Sibir xanlıqları və Monqolustan Qazax xanlığının tərkibinə daxil edildi. Ordusu, dövlət aparatı olan Qazax dövləti Qasım Xanın (1503-1523) rəhbərliyi dövründə daha da qüdrətləndi. Qasım xan İdil ətrafı xanlıqlarla yanaşı, Moskva knyazlığı ilə ticarət əlaqələri qurmuş, qərbi Avropaya elçilər göndərmişdi. Avstriya sarayında Qasım xanın elçilərinin olması haqqında diplomat Sigzmund Gerberşteyn məlumat vermişdir. Qasım xan həm də qazax tarixində islahatçı xan olaraq tanınır. Onun qazax adət-ənənələrinin toplusundan yaratdığı qanunlar toplusu “Qasım xanın kaska yolu” adlanır. Moskva elçisi Danila Kubin Knyaza yazdığı məktubda bu xanlığın digərlərindən daha güclü olduğunu bildirmişdi. Artıq möhkəmlənən qazaxlar sürətlə çoxaldılar və XVII əsrin sonlarına kimi bugünkü Qazaxıstan sərhədləri daxilində yayıldılar. Sabit Yoldaşovun yazdığına görə, qazaxlar o qədər geniş ərazilərə yayıldılar ki, idarəçiliyi asanlaşdırmaq üçün bir müddət mərkəzi idarəçiliyə bağlı üç – böyük, orta və kiçik cüz (juz) - qəbilə idarəçiliyinə keçdilər. Lakin bunun effektivliyi aşağı olduğundan dayandırdılar. “Odabaşı qurultayı”nda qazax xalqı olaraq birgə yaşamaq qərarı aldılar.

Juzların varlığı haqqında tarixçilər ilk dəfə çariça Anna İvanovnanın Rusiya arxivlərində saxlanılan sənədlərində rast gəlmişdilər. Ondan sonra Juzlar araşdırılmağa başlanılmış və geniş bilgilər əldə edilmişdi. Juzların bölünməsi coğrafi bölgə, iqtisadi inkişaf və boyların yerləşməsinə görə aparıldı. Juz adının anlamı qazaxca “yüz, yüzlük” sözündən götürülmüşdü. Böyük Juz Monqolustan və Yeddisu, Orta Juz Mərkəzi və Cənubi Qazaxıstan, Kiçik Juz isə Qazaxıstanın qərbini əhatə edirdi. Juzların öz ticarəti, iqtisadi gəlirləri, qonşu xalqlardan qorunmaq üçün müəyyən qədər ordusu olsa da, daxili və xarici siyasətdə tam olaraq mərkəzi xanlığa bağlı idilər. Bölgədə Rusiya çarlığının yaranması, qonşu türk xanlıqlarının işğalı Qazax xanlığını tək qoymuşdu. Buxarada qərar tutan İngiltərə ticarət nümayəndələri də rus çarlığının gücləndiyini bildiklərindən Qazax xanlığının işğal olunacağını ehtimal etmişdilər. Buna görə də xanlığa kömək göstərməkdə çətinlik çəkirdilər. Xanlıqda gedən taxt mücadilələri, iqtisadiyyatın zəifləməsi artıq XVII əsrdən başlayaraq, dövləti zəiflədirdi. Bunu fürsət bilən monqol əsilli Cunqar qəbilələri onlara davamlı hücum edirdilər. Qazax juzları müqavimət göstərsələr də, yağmalanmalardan dolayı xeyli zəifləmişdilər. Belə bir dövrdə Rusiya çariçası Anna İvanova Qazax juzlarına kömək üçün elçi göndərdi. Kiçik Juz xanı II Əbülxeyir Xan çarəsiz qalaraq, bu təklifi qəbul etdi. Beləliklə, 1731-ci ildə Kiçik Juz, 1740-cı ildə Orta Juz, 1742-ci ildə isə Böyük Juz Rusiya təbəəliyini qəbul etdi. Tabe olmamışdan əvvəl Juzlar ilə rus çariçası arasında anlaşma vardı ki, xanlar xalqın iradəsi ilə qurultayda seçiləcəklər. Lakin çarlıq onları himayəyə aldıqdan sonra bu anlaşmaya əməl etməyərək, taxta çıxan xanları öz iradəsinə uyğun təyin etməyə başladı. Bu da xanların xalq arasında etibarının itməsinə səbəb oldu və xanlıq qismən dağılmağa doğru gedirdi. Nəhayət, XIX əsrin əvvəllərində çar imperiyası juzları tədricən ləğv etdi. Kəndlər boşaldı, qazaxlar imperiyanın ucqarlarına işləmək adı ilə göndərildi.

Azərbaycan ilə münasibətlər

Juzların yenicə Rus imperiyasının himayəsinə keçdiyi dövrdə qərbdə böyüməkdə olan Nadir Şah imperiyası vardı. Onun Hindistanda, Türküstanda qazandığı qələbələr Rusiyanı narahat edirdi. Mərkəzi Asiyada Xarəzm, Bəlx, Səmərqənd, Buxara kimi şəhərlər müqavimətsiz ona tabe olmuşdular. Nadirin məqsədi Türküstandan sonra Qazax torpaqlarını da tabe edib, Çin üzərinə səfərə çıxmaq idi. Bundan narahat olan rusların da istəyi ilə Kiçik Juz xanı II Əbdülxeyir Xan 1740-cı ildə Nadir Şaha məktub yazmışdı. Həmin məktubda yazılırdı:

Uca allahın adı ilə başlayaraq, Siz - bütün İran torpaqlarına sahiblənən hökmdara bu sözlərimi ərz etmək istəyirəm.

Ən yüksək dağların da uyğun keçidləri olduğuna görə ən şiddətli savaşlar da sonunda sülh ilə bitər. Bir zamanlar Nuşirəvan da Xatınay adlı biri ilə şiddətli döyüşlərə girdi və sonunda sülh bağladılar. Mən də bunu bildirmək istəyirəm ki, əgər mənə barışmaq təklif edəcəksinizsə, bunu gecikdirməyin. Çünki mənim də ordularım var və öz cavabımı verəcəyəm. Bizim müsəlman xalqımızla sizin müsəlman xalqınız qan tökülməsini istəməzlər. Əgər siz Rusiya imperatiçəsi ilə sülh bağlamısınızsa, eyni şərtlərlə o sülhü bizimlə də bağlamalısınız. Yox, əgər bizi də öz qanunlarınızla idarə etməyə çalışsanız, müsəlman xalqımız son damla qanına kimi sizinlə döyüşəcəkdir.”

(Farscaya tərcümə edən Arslan Bəkmətov. 28 noyabr 1740.)

Bu məktuba Nadir Şah özünə məxsus böyük hörmət və ədəblə cavab verdi. Şah yazırdı:

“Bismillahi-r-rəhmani-r-rəhim. Himayədarları və hökmdar Əbülxeyir Xana! Uca allahın sevərək bütün zamanlarda mükafatlandırdığı Qazax-qırğız xalqının hökmdarı Əbülxeyir Xan Xuday Şükür, Gabduş Şakir adlı elçisini gün kimi parlayan sarayımıza göndərmişdir və onlar da bizim mərhəmətimizdən pay almışdılar. Məktubunuzu qəbul etdikdən sonra lazım olan görüşlərimizi davam etdirmək üçün biz də Urazatalığımızı (Ağsaqqal mənasında) və Məhəmməd Merab adlı elçimizi sizin elçilərlə birlikdə sarayınıza göndəririk. Hər iki xalqın işinə yarayacaq danışıqlarımızla bəzi ərazilər (qəsəbələr) haqqında danışıqlardan sonra allahın şərəfinə nail olmuş bu şəhərlərin kimin olacağına qərar verməliyik. Hər iki tərəf də bundan məmnun olmalıdır.”

(Miladi 29 noyabr 1740)

Lakin Nadir Şahın Məşhədə dönməsi, sonra Dağıstan üzərinə yürüşü, daxildə baş verən çəkişmələr onun Qazax xanlığına yürüşünə mane oldu.

Rus çarlığı ilə münasibətlər, xanlığın işğalı

Rusların işğalı ilə barışmayan bir sıra tayfalar üsyana başladılar. Onlardan ən güclüsü “çöl qartalı” mənası verən Kenesarı xanın XIX əsrin 40-cı illərində başlatdığı üsyan idi. Bunu da dəf edən ruslar xanlığı tam ələ keçirməyin yolunu qalalar tikməkdə gördülər. Rusların Qazax xanlığına kütləvi gəlişi İrtış çayından Ural çayına kimi olan ərazilərdə qalalar inşa etmələri ilə XVIII əsrin ortalarından başladı. 1853-cü ildə Orda dövləti yadigarı Ağ Məscidi, sonra ilə Alma Atı şəhərini ələ keçirdilər. Qazax xanlığını Uralsk, Turqay, Akmolinsk və Semipalatinsk adlanan 4 əyalətə böldülər. Rusiyada keçirilən kənd və şəhər islahatları qismən bu əyalətlərə də şamil edilmişdi. Nəhayət, imperiyanın zəiflədiyi 1905-ci il inqilabından sonra, digər türk xalqları kimi, qazaxlarda da milliyyətçilik dalğaları və müstəqillik hərəkatları genişləndi. Dumaya keçirilən seçkilərdə iki qazax millət vəkili də yer aldı. 1913-cü ildən “Kazak” adlı qəzet nəşr edilməyə başlanıldı. 1916-cı ildə işə Əbdülqafar və İmangəldi İmanov tərəfindən ruslara qarşı böyük üsyan başlanıldı. Lakin üsyan qısa müddətdə yatırıldı. 1917-ci il inqilabından sonra isə qazaxlar bolşeviklərdən muxtariyyət tələbi etdilər. Həmin il Alaş Orda adlı Qazax dövləti qurdular. 1920-ci ildə Qırmızı Qrdu Qazaxıstanı işğal etdi və Alaş Orda dövləti süquta uğradı. Rusiya burada mərkəzi Almatı olan Qazaxıstan Sovet Sosialist Respublikası qurdu. 1927-ci ildən hakimiyyəti tam ələ alan İosif Stalinin ilk qərarlarından biri də Qazaxıstanın milli tərkibini dəyişmək üçün qazax şəhər və kəndlərinə ruslarla ukraynalılardan ibarət kəndlilərin köçürülməsi oldu. Bunu isə köçəri həyat yaşayan qazaxların rus və ukraynalı kəndlilərin dəstəyi ilə oturaq həyata keçməsinin və kolxozlaşmanın asan olacağı ilə əsaslandırdılar. 30-cu illərdə həyata keçirilən  kolxozlaşmada xeyli çətinliklər yarandı. Qazax xalqı bir sıra üsyanlar təşkil etsələr də, sovetlər ən ağır şəkildə onları cəzalandırdılar. Tabe olmayan 62 min nəfər öldürüldü.

İkinci Dünya Müharibəsi başlanan zaman qazax türkləri də kütləvi olaraq orduya cəlb edildilər. 1 milyon 119 min qazax müharibəyə qatıldı və 8 mini sağ qaldı. Sovetlər birliyi Qazaxıstanda ən sərt siyasətini həyata keçirirdi. Onların ruslaşması üçün əlindən gələni edirdi. Ən çox da dillərini dəyişməyə çalışırdı. 80-ci illərdə aparılan statistik araşdırmaya görə, rus olmayan xalqlar içərisində rusca danışığın ən yüksək göstəricisi Qazaxıstanda idi (65%). 80-ci illərin sonunda isə qazax gənclərinin etiraz mitinqlərindən sonra məktəblərdə həftədə bir saat Qazax dili keçirilməsinə icazə verildi.

Qazaxıstan 16 dekabr 1991-ci ildə özünü tam müstəqil respublika elan etdi. Lakin əsas önəmli olan dil haqqında qanun idi. 1997-ci  ildə dövlət dilinin qazax dili olması haqqında qanun qəbul edildi. Qazaxların demoqrafik statistikasına görə, 1990-cı ildə ölkədə 30% qazax, 40% rus, 30% isə digər xalqlar yaşayırdısa, 28 yanvar 2018-ci il statistikasına görə 65% qazax, 20% rus var. Bu, Nursultan Nazarbayevin siyasətinin qazax tarixi üçün töhfəsidir. Astanada 150 min rus yaşayırdı və onun istəyi ilə buraya 1 milyon qazax köçürüldü. Hazırda Nur Sultan adlanan bu şəhər ölkənin paytaxtıdır. Qazaxıstanın türk dünyası üçün daha bir önəmi də türk milli dəyərlərinin önə çəkilməsi, milli kimliyin, soy kökün daha da araşdırılmasına şərait yaradılaraq türk birliyinin yaranmasına dəstəyidir. 2019-cu ilin oktyabrında Bakıda keçirilən Türk Konseyində Nursultan Nazarbayevin “Önəmli bir səhifə açılır” deyərək, “türkdilli deyil, türksoylu dövlətlərin birliyi” ifadəsini təklif etməsi Turan birliyi üçün önəmli işarə idi.

Beləliklə, çətin tarix yaşayan və yazan qazaxlar hər çətinliyə sinə gərərək, bu gün öz adı ilə varlıqlarını sürdürürlər. Qazax şairi J. Moldağaliyevin dediyi kimi, “Biz qazaxları min kərə öldürdülər, biz də min kərə yenidən doğulduq. Dünya var olduqca, var olacağıq...”

 

# 7653
avatar

Şəhla Cabbarlı

Oxşar yazılar