Bakıya zirehli qatarla hücum, Şəkinin bombalanması - Marşalın XATİRƏLƏRİ
22 avqust 2022 20:15 (UTC +04:00)

Bakıya zirehli qatarla hücum, Şəkinin bombalanması - Marşalın XATİRƏLƏRİ

1920-ci il aprelin 28-də Sovet Ordusunun 11-ci Qırmızı Ordusu Azərbaycan Xalq Cümhuriyyətinə elan edilmiş hücum edərək qısa zamanda Bakını ələ keçirdi və AXC-nin 23 aylıq mövcudluğuna son qoydu.

Amma bolşeviklər qəfil hücumla Azərbaycan Xalq Cümhuriyyətini süquta uğratsalar da, tezliklə yerlərdə üsyan və etirazlarla üzləşdi.

Azərbaycanın bölgələrində kommunizm ideyalarını qəbul etməyən insanların müqavimətini qırmaq üçün bolşeviklər artilleriya ilə yanaşı, bəzi hallarda aviasiyadan da istifadə edir, şəhərlərimizi bombalayırdı. Bu barədə çoxsaylı tarixi sənədlər və ən əsası həmin cinayətkar əməllərin birbaşa icraçılarının xatirələri də var.

Lent.az həmin şəxslərdən biri, 1920-ci ilin aprel istilasının fəal iştirakçısı, Qırmızı Ordunun aviasiya marşalı kimi ali hərbi rütbəyə qədər yüksəlmiş Stepan Krasovskinin AXC-nin süqutu ilə bağlı xatirələrini təqdim edir:

Krasovski 1968-ci ildə istefaya çıxdıqdan sonra “Aviasiyada həyatım” adlı xatirə kitabını yazmışdı. Burada o, öz həyatı və döyüş yolu, o cümlədən 1920-ci ildə Qırmızı Ordunun Şərq Cəbhəsindəki 33-cü aviasiya dəstəsinin hərbi komissarı kimi fəaliyyəti barədə ətraflı məlumat verir.

Krasovski kitabında 1920-ci ilin yazında bolşeviklərin AXC hökumətini devirmək üçün hərbi hazırlıqlar planı barədə maraqlı faktlar yazır.

“1920-c ilin yazında 11-ci Qırmızı Ordunun İnqilab Komitəsi dislokasiya yerinin Həştərxandan Mineralnıe Vodı şəhərinə köçürülməsi barədə qərar verir. Canlı qüvvə təyyarələrlə Həştərxandan 120 kilometr uzaqlıqda yerləşən Yandıki aerodromuna gətirilirdi. Kontingentin texniki vasitələrdən ibarət eşelonları isə dəniz yolu ilə Petrovsk-Kavkazskiy (ind.Mahaçqala) şəhərinə göndərildi. Petrovsk-Kavkazski aerodromunda biz ingilislərdən qənimət götürülmüş bir neçə təyyarəni də ələ keçirdik. Bu yerinə düşdü, çünki tezliklə Bakıya hücum hazırlanırdı”.

Krasovski 11-ci ordunun Azərbaycana hücumu zamanı aviasiya dəstələrinin rolunu təsvir edir.

“11-ci Ordunun ilk hücumlarından aviasiya prosesə aktiv qoşuldu. Xüsusən, təyyarəçi Monastıryov və Qradin-Qraudusun yay təyyarə qrupu aktiv döyüşlərə qatılır, kəşfiyyat və bombalama əməliyyatını yerinə yetirirdi. İlk olaraq Yalama stansiyasını ələ keçirdik. Hamıdan öndə Mixail Yefremovun zirehli qatarı gedirdi”.

Bakıda ciddi müqavimətlə rastlaşmadıqlarını yazan Krasovski şəhərdə qurulan İnqilab Komitəsinin nəzarəti altında bolşeviklərin Azərbaycanda yeni hərbi strukturlar yaratmağa başladığını yazır:  

“Petrovsk-Kavkazskidən mənim aviasiya dəstəm Bakının Keşlə aerodromuna eniş etdi. Amma orda az qaldıq. 11-ci Qızıl Ordu müsavatçılarla və ağqvardiyaçılara qarşı Şəki, Şuşa və Gəncədə döyüşləri davam etdirdiyi üçün onlara 18-ci aviasiya dəstəsi dəstək verməli idi. Amma orada mövcud olan malyariya xəstəliyi pilotlara öz missiyasını uğurla aparmağa mane olurdu”.

Tezliklə 33-cü aviasiya dəstəsi 18-ci aviasiya dəstəsini üsyanların yatırılması prosesində əvəz edir.

Bu zaman Krasovski 1-ci Azərbaycan aviasiya dəstəsinin hərbi komissarı təyin olunur. Tezliklə o, ölkədə bolşevik işğalına qarşı baş qaldıran xalq hərəkatının yatırılmasında iştirak edir. O bu barədə “Aviasiyada həyatım” kitabında yazır:  

“1920-ci ilin qışında Şəki və Şuşa yaxınlığındakı dağlıq ərazilərdə müsavatçıların təşkilatçılığı ilə üsyanlar baş qaldırdı. Quru qoşunları ilə yanaşı, əksinqilabi hərəkatın yatırılması üçün təyyarəçilər də cəlb olundu. Aviasiyanın əməliyyatlarına 11-ci Qırmızı Ordunun aviasiya komandiri İvan Kirileviç Mixalyuk başçılıq edirdi. Yevlaxdakı aerodrom qovşağında 1-ci Azərbaycan, 2-ci və 18-ci aviasiya dəstələri, həmçinin, 1-ci qırıcı divizionu toplanmışdı. Aviasiya kifayət qədər aktiv idi. Hava zərbələrindən 1 gün sonra Şəkidəki üsyançılar qala üzərində ağ bayraq qaldırdılar”.

Qeyd olunmalıdır ki, Şəkinin bombalanmasına başçılıq edən İvan Mixalyuk 1920-ci il dekabrın 13-də “Albatros-Roland” təyyarəsində indiki Göygöl rayonu ərazisində qəzaya düşərək öldü. Onunla birlikdə qardaşı, pilot Mixail Mixalyuk və hərbi komissar Pavel Mixaylov da ölmüşdü.

Stepan Akimoviç Krasovskinin sonrakı taleyinə gəlincə, o bundan sonra 11-ci Qırmızı Ordusunun aviasiya heyətində 1921-ci il fevralın 25-də Gürcüstana hücumda da iştirak edir, 1921-ci ilin oktyabrında Bakıda dislokasiya olunan 47-ci əlahiddə aviasiya dəstəsinin komissarı təyin olunur. Burdan isə 1924-cü ildə Moskvaya çağırılır. 1926-cı ildə N.Jukovski adına Hərbi Hava Qüvvələrinin Akademiyasını bitirərək Leninqrad hərbi dairəsində hərbi karyerasını davam etdirir. Stepan Krasovski 1939-cu ilin noyabrında SSRİ-Finlandiya müharibəsində də aktiv iştirak edir. Burada o, Hərbi Hava Qüvvələrinin 14-cü ordusunun aviasiya komandiri olur. Amma yol verdiyi taktiki səhvlərə və hərbi tapşırığı icra edə bilmədiyinə görə, 1940-cı ilin yanvar ayında postundan azad olunur. O, Hitler Almaniyasının Sovet İttifaqına hücumunu Şimali Qafqaz Hərbi Dairəsinin Hərbi Hava Qüvvələırinin komandanı kimi qarşılayır. 1941-ci ilin oktyabrından isə Cənub cəbhəsində 56-cı ordunun aviasiya komandiri kimi hərbi əməliyyatlara qatılır. 1943-cü ilin martından 2-ci aviasiya ordusunun komandiri kimi Kursk, Kiyev, Dnepr, Berlin uğrunda döyüşlərdə aktiv iştirak edir. 1945-ci ilin mayında aviasiya general-polkovniki Stepan Krasovski Sovet İttifaqı Qəhrəmanı adını alır. Müharibədən sonra Uzaq Şərq, Moskva və Şimali Qafqaz hərbi dairələrinin aviasiya komandiri kimi çalışır. Krasovski 1956-1968-ci ildə Hərbi Hava Qüvvələri Akademiyasının rəisi olur 1968-ci ilin oktyabrında aviasiya marşalı kimi 71 yaşında istefaya çıxır. Stepan Krasovski 1983-cü il aprelin 21-də 86 yaşında ölür. O, Moskva vilayətinin Monino qəsəbəsində hərbi qəbirstanlıqda dəfn olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10596
avatar

Vüqar İsmayılov

Oxşar yazılar