Zaqatala müəllimlərindən daha bir ETİRAZ:  175 müəllim pulunu ala bilmir
23 fevral 2023 15:00 (UTC +04:00)

Zaqatala müəllimlərindən daha bir ETİRAZ: 175 müəllim pulunu ala bilmir

Zaqatalada müəllimlər kütləvi şəkildə məzuniyyət və bülleten pullarını ala bilmirlər. 

Bu barədə Lent.az-a rayon müəllimlərindən çoxsaylı şikayətlər daxil olub.

Zaqatalanın Qımır kənd orta məktəbinin müəllimi Turanə Bəkirova bildirir ki, analıq məzuniyyətinə çıxasa da, məzuniyyət pulunu hələ də almayıb. 

Bundan başqa, Zaqatalanın Car kənd 1 saylı orta məktəbin müəllimi Brilliant Buğayeva Lent.az-a açıqlamasında deyib ki, 8 ay əvvəl ürək əməliyyatı keçirib. O, 6 ay bülletendə olub, lakin bülleten pulunu bu günədək ala bilməyib.

B.Buğayeva həmçinin qeyd edib ki, bir ilə yaxındır Zaqatalada 175 təhsil işçisi bu problemlə üzləşib, uzun müddətdir ki, onlar məzuniyyət və bülleten pullarını ala bilmirlər. 

Rayonun Muxax kənd 1 saylı orta məktəbin müəllimi Qumru Hüseynova isə saytımıza açıqlamasında ötən ilin avqustunda analıq məzuniyyətinə çıxdığını, lakin bu günədək məzuniyyət pulunu ala bilmədiyini dilə gətirib:

"Məsələ ilə bağlı Təhsil Nazirliyinə, Regional Təhsil İdarəsinə, Maliyyə Nazirliyinə, Dövlət Vergi Xidmətinə, hər yerə müraciət etmişəm. Aylardır ki, bizim bu problemimiz həll olunmur. Bizə deyirlər ki, yeni regional təhsil idarəsinin yaranması ilə əlaqədar hesabatların verilməsində yanlışlığa yol verilib. Məhz o səbəbdən də aylardır, rayonun 200-ə yaxın təhsil işçisi məzuniyyət və bülleten pullarını ala bilmir. Aidiyyəti qurumlardan xahiş etdik ki, bizim problemimizi həll etsinlər".

Rayonun Bəhmədli kənd orta məktəbinin müəllimi Qumral Muradova saytımıza bildirib ki, ötən ilin noyabrında analıq məzuniyyətinə çıxıb, lakin bu günədək analıq məzuniyyətinin pulunu ala bilməyib.

Qumral Muradova qeyd edib ki, bu problem tək Zaqatalada deyil, həmçinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinə daxil olan Qax və Balakən rayonlarında da yaşanır: Bildiyimə görə, o rayonlarda da müəllimlər məzuniyyət və bülleten pullarını ala bilmirlər. Təkcə Zaqatalada 200-ə yaxın müəllim bundan məhrum olub. Hansısa bir nəfərin səhvinə görə, bu qədər insan öz halal pulunu ala bilmir. Niyə aidiyyəti qurumlar bizim problemimizi həll etmirlər?" 

Rayonun Muxax kənd 1 saylı orta məktəbin müəllimi Miyasət Hüseynova Lent.az-a açıqlamasında bildirib ki, o, onkolji xəstəlikdən əziyyət çəkir. 

Ötən ilin sentyabrında bülletenə çıxdığını dilə gətirən M.Hüseynova aylardır bülleten pulunu ala bilmədiyindən şikayətlənib:

“Aylardır rayonun 175 təhsil işçisi məzuniyyət pullarını ala bilmir. Şikayətçi müəllimlər “vatsap” qrupu yaradıblar. Hər gün o qrupda bu problemimizi müzakirə edirik. Müraciət etmədiyimiz dövlət qurumu qalmayıb. Təəssüf ki, müraciətlərimizə müsbət cavab ala bilməmişik”.

Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müraciət etdik.

Qurumun ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Mahal Məmmədov Lent.az-a açıqlamasında məsələdən xəbərdar olduğunu, bu problemin digər rayonlarda da yaşandığını və məsələnin həlli istiqamətində iş aparıldığını bildirib:

“Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2021-ci il tarixli Sərəncamına və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 25 fevral 2022-сi il tarixli ”Təhsil Nazirliyi sistemində idarəetmənin təkmilləşdirilməsi barədə” əmrinə əsasən,  Azərbaycan Respublikası Təhsil Nazirliyinin Regional Təhsil İdarələrinin yaradılması ilə əlaqədar Təhsil Nazirliyinin strukturuna daxil olan Ərazi Maliyyə Hesablaşma Mərkəzləri 4 may 2022-ci il tarixdən ləğv edilib. 

Bununla əlaqədar olaraq 5 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin əhatə dairəsinə daxil olan Qax, Zaqatala və Balakən rayonları üzrə yerli təhsil idarəetmə orqanları yeni yaradılmış Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyinə verilib. 5 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin ləğv edilməsi ilə əlaqədar olaraq müəyyən texniki problemlərin yaranması səbəbindən işçilərə müavinətlərin ödənilməsində çətinliklər ortaya çıxıb. Hal-hazırda yaranmış problemin aradan qaldırılması istiqamətində aidiyyatı qurumlar tərəfindən iş aparılır və yaxın vaxtlar işçilərin ödənilməmiş vəsaitləri ödəniləcək”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8901
avatar

Arzu Qurbanlı

Oxşar yazılar