Prezident İlham Əliyevin sərəncamı ilə Arzu Yusif oğlu Rəhimov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.
Lent.az xəbər verir ki, növbəti bir sərəncamla Mürsəl Qorxmaz oğlu İbrahimov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.
Maraqlıdır, Mürsəl Qorxmaz oğlu İbrahimov kimdir?
Arayış: M.İbrahimov 1970-ci il sentyabrın 20-də Bakıda anadan olub. O, 1992-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Qaz Neft Mədən fakültəsini bitirib.
Qeyd edək ki, 1992-1997-ci illərdə DİN Mühafizə İdarəsinin Xətai rayon Mühafizə Şöbəsində tağım komandiri, baş inspektor vəzifələrində xidmət aparıb. Daha sonra DİN Daxili Təhqiqatlar İdarəsində inspektor və baş inspektor vəzifəsində işləyib.
Məlumata görə, M.İbrahimov 10 ildən artıq Milli Təhlükəsizlik Nazirliyində çalışıb, idarə rəisinin müavini vəzifəsinədək yüksəlib. O, 2015-ci ildə prezidentin sərəncamı ilə Azərbaycanda milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiyinə görə «Hərbi xidmətlərə görə» medalı ilə təltif edilib.
Qeyd edək ki, Mürsəl İbrahimov həmin dövrdə polkovnik rütbəsini daşıyıb. 2015-ci ildən sonrakı dövrdə bir sıra özəl şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb. Son illər “Kapital Bank”ın Təhlükəsizlik Departamentinin direktoru olub.