Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında ilkin mərhələdə 8 qrupdan ibarət 375 zəvvarın yola salınma mərasimi olub.
İlk reys bir təyyarədən ibarət olacaq. Növbəti qruplar isə sabah 15:10-da yola düşəcək.
Sabah 8 qrupdan ibarət 375 nəfərlik zəvvarın yola salınacağı bildirilib.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib ki, artıq Səudiyyə Ərəbistanında bütün təşkilati məsələlər həll olunub. Həmişə olduğu kimi, bu il də Məkkə və Mədinədə bina və hotellər icarəyə götürülüb. Zəvvarların nəqliyyatla, gündə iki dəfə yeməklə, mehmanxana və binalarda 24 saat ərzində isti çayla təminatı məsələləri həll olunub. Gediş mərhələləri 23-28 sentyabr hər gün, qayıdış isə 11-15 oktyabr tarixlərinə hər gün olaraq nəzərdə tutulub. Zəvvarları qrup rəhbərləri və həkim briqadası müşayiət edəcək.
Qeyd edək ki, ziyarət bu il də iki variantda təşkil olunur. Nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır. Həcc ziyarətinə səfərlər yalnız təyyarə ilə baş tutacaq. Suriyada baş verən hadisələrlə əlaqədar bu il də zəvvarlar avtobuslarla səfər edə bilməyəcəklər. Təklif olunan qiymətlər ötən ilki qiymətlərlə eynidir. Bu il Azərbaycanda Həcc ziyarətinə 4 minə yaxın zəvvarı getməsi nəzərdə tutulur.