Lent.az-ın məlumatına görə, fevralın 21-də təxminən saat 12 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin stadionunda futbol oynayan XI b sinif şagirdi Lətifov İlkin Mehman oğlu yıxılıb. Bir qədər sonra özünü pis hiss etdiyini bildirən şagird sinif yoldaşlarının köməyi ilə məktəbin tədris binasına aparılıb.
İlkinin sinif yoldaşları əvvəlcə onun stadionda topu atanda yıxıldığını deyiblər. Məktəbin tibb bacısı, eləcə də müəllim heyəti İlkinin vəziyyətinin həqiqətən də kirtik olduğunu görüb. Məktəbə çağırılan təcili tibbi yardım briqadası İlkini şəhər xəstəxanalarından birinə aparıb. 20-21 gün xəstəxanada qalan İlkin Novruz bayramı ərəfəsində vəfat edib.
Məsələ ilə bağlı məktəblə əlaqə saxladıq. 123 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, məktəbdə tibb bacısının müayinəsindən sonra dərhal təcili tibbi yardım çağırılıb və şagird qapalı kəllə-beyin travması diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Şagirdin daxili orqanlarında qanaxma olması və əməliyyat olunacağı barədə məlumat dərhal valideynlərinə verilib. Məktəb kollektivi tərəfindən şagirdin ailəsinə maddi yardım da göstərilib.
"Martın 15-də şagirdin vəfat etdiyi barədə məlumat verilib. Ölüm xəbərindən sonra isə mərhumun sinif yoldaşları ilə zarafatlaşarkən xəsarət aldığı məlum olub. Nəticədə məktəbin 2 nəfər şagirdi şübhəli qismində nəzarətə götürülüb.
Məktəb rəhbərliyi şagirdin ailə üzvlərinə başsağlığı verib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır”.