Heç xarabalıq görmüsünüz? Kinoda, ekranda, fotoda yox, öz gözlərinizlə deyirəm...
Görməmisinizsə, deyim: çox ağır səhnədir... Xarabalıqdan həyat nəfəsi gəlmir, amma bu nəfəssizliyin özündə burda nə vaxtsa, kimlərinsə yaşadığı duyulur...
Xarabalıqda ancaq və ancaq bunu düşünə bilirsən; müharibə, fəlakət...və daha heç nə...
Bura Alıxanlıdır. Füzuli rayonunun Alıxanlı kəndi. Daha doğrusu, Alıxanlı kəndinin xarabalığı... Bu yurd yerimizi ermənilər xaraba qoyub.
Alıxanlı kəndi XVIII əsrin ortalarında yaranıb. Qarabağ xanı Pənahəli xanın Naxçıvandan köçürüb gətirdiyi əhali bu yerlərdə məskunlaşıb. Alıxanlılar Naxçıvanda Kəngər elinin qollarından biridir. Bu qol öz adını erkən orta əsrlərdə Cənub-şərqi Avropa və Şimali Qafqaz çöllərində yaşamış qədim xəzərlərin Alıxan tayfasının adından götürür.
Çiy kərpicdən tikilmiş bu evin yaşı çox olar yəqin. Azı yüz il...
Bu ev də yanıb. Torpaqdan düzələn kərpicləri yavaş-yavaş torpağa dönür... Əlimlə divara hörülmüş çiy kərpicdən bir parça qopardıb ovxalayıram, elə o andaca torpağa çevrilir...
Bu evin nə özü, nə hasarı var, tamam dağılıb...
Qalan isə dəmir darvazasının bu çərçivəsidir. Bir zamanlar olmuş evin çərçivə yaddaşı...
Bir Allah bilir ki, kimin olub bu ev, bu ocaq. Bir Allah bilir ki, Azərbaycan üçün neçə övlad doğulub bu yurdda, bu ocaqda. Bəlkə də bu ocaqda doğulub boya başa çatan adamla indi eyni küçədə, eyni binada yaşayırıq. Nə bilmək olar, bəlkə elə metro qatarında, avtobusdakı basabasda bir-birimizin ayağını da tapdalamışıq...
Qarabağda buna “kürsülü ev” deyirlər. Çox böyükdür...Geniş zalı, böyük otaqları olub, bu evin.
Yəqin ailə də böyük olub. Nə vaxtsa bu evdən, həyətdən məsum uşaqların gülüşü, hər yaz kəpənək kimi uçuşan qızların, çılğın oğlanların şaqraq qəhqəhələri gəlib. Amma indi səssizlikdən qulaq tutulur...
Boş güllə gilizləri elə pilləkəndə qarşılayır adamı. Görən kimə atılıb bu güllələr? Kimin bəxtini, çırağını söndürüb, kimin ömrünü yarıda qoyub.
Allah bilir...
1993-cü ilin avqust ayından 1994-cü ilin yanvarınadək erməni işğalçılarının nəzarətində olan Alxanlı işğaldan azad edildikdən sonra uzun müddət baxımsız qalıb. Çünki ermənilər həmin yaşayış məntəqəsindəki bütün evləri, obyektləri talan edib, viran qoyublar. Amma son illər bu kənddə dağıdılmış evlərin bərpasına başlanılıb.
Verilən məlumata görə, bu günədək dövlət büdcəsi hesabına xeyli ev bərpa olunub və bu iş indi də davam etdirilir. Dağılmış evlərin bərpasından sonra sakinlərin də kəndə qayıdacağı gözlənilir.
Evləri yandırılıb dağıdılsa da, torpağı barlı-bərəkətlidir bu kəndin. Hər yaz bütün Qarabağda olduğu kimi, buralarda da gül-gülü çağırır, bülbül-bülbülü. Torpağın özü isə hələ də sahibini səsləməkdən usanmır ki, usanmır...
Akif İslamzadənin səsi gəlir qulağıma...
Bura vətəndir,
Gülü bitəndir...