Baş prokuror Zakir Qaralov Şirvan şəhərində vətəndaşları qəbul edib. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Şirvan şəhər prokurorluğunun inzibati binasında Şirvan şəhəri, Hacıqabul, Salyan, Saatlı və Sabirabad rayonlarında yaşayan vətəndaşların qəbulu keçirilib. Qəbul zamanı baş prokuror 50-dək vətəndaşın müraciətini, o cümlədən ərizə, şikayət və təkliflərini nəzərdən keçirərək bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun, dərhal və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib. Baş prokuror tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin əksəriyyəti elə yerindəcə öz həllini tapıb, prokurorluğun səlahiyyətlərinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.
Eyni zamanda, qeyd edilən rayonların prokurorlarının iştirakı ilə müşavirə keçirilməklə, regionda ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret göstərişlər verilib.