Müdafiə naziri Zakir Həsənov Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Baş Plan və Prinsiplər idarəsinin rəisi, korpus generalı Alpaslan Erdoğanı qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qonaq Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən Bakıda təşkil edilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqun növbəti toplantısının fəaliyyətindən məmnun qaldığını bildirib, hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu vurğulayıb.
Silahlı Qüvvələrin inkişafı istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdıran Müdafiə naziri, regiondakı hərbi-siyasi vəziyyət, ikitərəfli əməkdaşlıq məsələlərinin əhəmiyyətindən danışaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyini qeyd edib.
Sonra Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin inkişafı perspektivləri və digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun və Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler iştirak ediblər.