Bu ilin sentyabrında Azərbaycan ilk dəfə olaraq beynəlxalq müdafiə sənayesi sərgisinə ev sahibliyi edəcək. Lent.az-ın məlumatına görə, bunu Müdafiə Sənayesi Nazirliyində keçirilən kollegiya iclasında nazir Yavər Camalov bildirib.
O qeyd edib ki, “ADEX-2014” adı altında keçiriləcək bu sərgi ilə bağlı Müdafiə Sənayesi Nazirliyi tərəfindən artıq hazırlıq işlərinə başlanılıb.
“Tabeli müəssisələrdə müdafiə təyinatlı məmulatlar üzrə istehsal sahələrinin genişləndirilməsi ilə yanaşı, mülki məhsulların yeni növlərinin mənimsənilməsi istiqamətində də məqsədyönlü işlər aparılır. 2007-ci illə müqayisədə 2013-cü ildə mülki məmulatların istehsal həcmində 2 dəfə artım əldə olunub. Çeşidlərin sayı 450-ni ötüb”.
Y. Camalovun sözlərinə görə, nazirliyin müəssisələrində mülki məhsullardan: neft-qaz sənayesində işlədilən müxtəlif növ nəzarət və idarəetmə sistemlərinin, dəstləşdiricilərin, traktorlar üçün tırtılların, 4 və 6 laylı çap lövhələrinin, rəqəmsal teleyayıma keçidlə bağlı DVB-T tipli dekoderlərin, neft quyularında dərinlik nasoslarının işinə nəzarət edən “Dinomoqraf DM” cihazının, gəmilərin təmiri üçün ehtiyat hissələrinin, səyyar yemək termoslarının, plastik kütlədən hazırlanmış taraların, müxtəlif güclü akkumulyator batareyalarının, 12 kalibrli qoşa lülə və yarımavtomat yivsiz ov tüfənglərinin, işıqforlarda taymer sisteminin, polis məntəqələri üçün teleskop tipli maneə sistemləri və s. mənimsənilib.