APA-nın məlumatına görə, Azərbaycanın birinci xanımı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib və burada yaradılan şəraitlə tanış olub.
Üçmərtəbəli körpələr evi-uşaq bağçası 100 yerlikdir. Burada balacaların təlim-tərbiyəsi ilə peşəkar pedaqoji heyət məşğul olacaq. Təhlükəsizlik məqsədilə 16 müşahidə kamerası qurulub. Bu kameralar həm həyəti, həm də bağçanın bütün otaqlarını nəzarətdə saxlamağa imkan verir. Bağça azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün əlvan rəngli inventarla təchiz edilib.
Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, rəsm, idman və musiqi zalları, yeməkxana yaradılıb. Məktəbəqədər təhsil ocağının bütün dəhliz və otaqlarının divarlarında uşaqların böyük marağına səbəb olan nağıl qəhrəmanlarının obrazları həkk edilib. Uşaqların maraqları nəzərə alınaraq bağçanın həyətində xüsusi istirahət guşələri yaradılıb.