Prezident İlham Əliyev Yardımlı rayonunun Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncamla 13 min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,3 milyon manatı Yardımlı Rayon İcra Hakimiyyətinə ayrılıb.
Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edəcək. Daha sonra Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri reallaşdıracaq.