Xəstələrin qida rasionunda dəyişilik - NAZİRLƏR KABİNETİNƏ TƏKLİF
0
0
Səhiyyə müəssisələrində müəyyən nöqsanlar aşkar edilib. Lent.az-ın Hesablama Palatasının saytına istinadən verdiyi məlumata görə, respublikanın təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normaları Nazirlər Kabinetinin “Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” 1994-cü il 9 mart tarixli 103 nömrəli Qərarı ilə tənzimlənir.
Palatadan bildirilib ki, vərəm əleyhinə dispanserlərdə, şöbələrdə, xüsusiləşdirilmiş vərəm xəstəxanalarında və vərəm əleyhinə sanatoriyalarda vərəmli xəstələr üçün yaş qrupları nəzərə alınmaqla qida normaları tənzimlənməyib.
Hesablama Palatası tərəfindən aparılan dövlət büdcəsindən səhiyyə müəssisələrinə ayrılan vəsaitlərin auditi zamanı səhiyyə müəssisələri tərəfindən vərəmə yoluxmuş xəstələrin digər xəstələrdən fərqli olaraq gücləndirilmiş ərzaq təminatı əsas gətirilərək yuxarıda qeyd olunan Qərarla müəyyən olunmuş normadan artıq ərzaq silgisi halları aşkar edilib.
Bundan əlavə, Nazirlər Kabinetinin müvafiq qərarında uşaq xəstəxanalarında (şöbələrində) 1-17 yaş arasında xəstə uşaqlar üçün qida normaları eyniləşdirilib ki, bu da dövlət büdcəsindən həmin məqsədlərə ayrılmış vəsaitlərin səmərəsiz istifadəsinə səbəb olur.
Göstərilənləri nəzərə alaraq, Palata həmin Qərarın əlavələrində Vərəm əleyhinə dispanserlərdə, şöbələrdə, xüsusiləşdirilmiş vərəm xəstəxanalarında və vərəm əleyhinə sanatoriyalarda vərəmli xəstələr üçün, o cümlədən uşaq xəstəxanalarında uşaqların, habelə süni qidalanmada olan 1 yaşa qədər uşaqlar da nəzərə alınmaqla, bir neçə yaş qrupuna bölünərək, aylar üzrə hər uşağa düşən qida normasının qruplar üzrə müəyyən edilməsini təklif edilib.
Hökumətin qərarda yeməklərin hazırlanmasında məhsulların qarşılıqlı əvəzlənməsi mexanizmi tənzimlənmədiyindən xərclər prosesində müəyyən çətinliklər yaranır. Bu səbəbdən, Qərarda qeyd olunan müəssisələrdə hər hansı bir ərzağın digər uyğun ərzaqla əvəzlənməsinin mümkünlüyünü müəyyən edən mexanizmin işlənib hazırlanması da Nazirlər Kabinetinə verilən təkliflər sırasındadır.
0
0