BMT xərçəng xəstəliyi ilə bağlı hesabat yayıb.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, hesabat BMT-nin nəzdində fəaliyyət göstərən Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi tərəfindən hazırlanıb.
Hesabatda xərçəng artımının əsas səbəbinin çirklənmiş hava olduğu bildirilir. Çirkli hava tütün tüstüsü, radiasiya və platonium ilə eyni kateqoriyaya daxil edilib. Hesabatda çirkli havanın ürək və ağciyər xəstəliklərinə yol açdığı, artıq xərçəngə də səbəb olduğuna dair dəlillər tapıldığı qeyd edilib. 2013-cü ildə ağciyər xərçənginə 223 min nəfər yaxalanıb, çirkli hava ağciyər xərçəngi xəstələrinin sayının sürətlə artmasına yol açıb və 3,2 milyon insanın erkən ölümünə səbəb olub.
Hesabatda vurğulanır ki, çirkli hava ilə bağlı ölümlərin yarıdan çoxu Çin və Şərqi Asiya ölkələrinin payına düşür. Xüsusən sənayeləşmə ilə bağlı Pekin kimi şəhərlərdə havanın çirklənmə səviyyəsi artmaqdadır. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin direktoru Kristofer Vild bildirib ki, çirkli havanın insanlar üçün xərçəngin səbəbi kimi kateqoriyaya daxil edilməsi önəmli bir addımdır. O, bu araşdırmanın dünya ölkələri üçün çirkli hava problemi ilə mübarizə sahəsində daha tez addımlar atmağa yönəlik bir çağırış olduğunu vurğulayıb.