Vergidən azad olunan məbləğ hara xərclənəcək?
06 fevral 2014 22:07 (UTC +04:00)

Vergidən azad olunan məbləğ hara xərclənəcək?

“Azərbaycandakı körpələr və uşaq evləri, uşaq bağçaları bundan sonra 10 il müddətinə mənfəət və sadələşdirilmiş vergini ödəməyəcək. Bu, özəl sektorda uşaq bağcalarının inkişafını sürətləndirəcək və ödənişli bağçalarda qiymətlərin azalmasına da təsir edəcək".

 

Bu sözləri APA TV-yə Milli Məclisin Sosial siyasət komitəsinin sədrinin müavini Musa Urud deyib. Cəmi 2 maddədən ibarət olan qanun layihəsində qeyd olunur ki, körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri  bu il yanvarın 1-dən başlayaraq, 10 il Vergi Məcəlləsi ilə müəyyən edilmiş xüsusi şəxslərin mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azad olunur. Millət vəkilinin sözlərinə görə, qanun layihəsinin Milli Məclisə təqdim olunması ölkə başçısının sosial yardımlarla bağlı atdığı addımdır ki, bununla da dövlət əhalinin sosial qayğılarının bir qismini öz üzərinə götürür: "Bu addım eyni zamanda ölkə başçısının sosial dövlət quruculuğu çağırışının ən mühüm elementlərindən biridir. Eləcə də özəl sektorda yeni uşaq bağçalarının istifadəyə verilməsi işini də stimullaşdıracaq. Ən əsası özəl bağçalara ödənilən aylıq vəsaitin azaldılmasına da öz təsirini göstərərcək".

 

 

Bakı şəhər İcra Hakimiyyətinin nəzdində Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən bildirilib ki, özəl bağçaların bu quruma aidiyyatı yoxdur. Bu səbəbdən qiymətlərə də müdaxilə edilmir. Özəl bağçalar bu yenilikdən xəbərdardır. Özəl uşaq bağçasının müdiri Roza Musayeva bizimlə söhbətində belə deyib. Yenin qanun layihəsinin aylıq ödənişlərə təsirinə gəlincə...

 

 

Özəl bağça müdiri Roza Musayeva deyir ki, özəl bağçaların, uşaq bağçalarının vergidən azad olunması ilk növbədə sahiibkarları bu sahəyə sərmayə qoymağa sövq edəcək: "Vergi ödəmək üçün ayrılan vəsait isə artıq bağçada çalışanların əmək haqqının artırılması üçün ayrılıb. Bundan əlavə, uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün iki mütəxəssis işlə təmin olunub. O ki qaldı valideynlər tərəfindən ödənilən məbləğin aşağı salınmasına, bu, baş verməyəcək. Çünki artıq xərclərin yeri müəyyən olunub".

 

 

Digər bağça müdiri Şəfəq Kazımova isə həmin məbləğin uşaqların maarifləndirilməsinə sərf olunacağını deyib: "Bağçada 80 uşaq var. Özəl bağçaların vergi xərclərindən azad olunması bizim üçün çox önəmlidir. Bu yenilik qiymət endirmi ilə nəticələnməsə də, gələcəyimiz olan uşaqların bilik və bacarıqlarının təkmilləşdirilməsinə sərf olunacaq".

 

Valideynlərin də məsələyə münasibəti bir mənalı deyil.

 

Müsahiblər bu qənaətdədirlər ki, qanunun tətbiqi yeni uşaq bağçalarının istifadəyə verilməsini sürətləndirəcək, bağçalarda yaşanan sıxlığı aradan qaldıracaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1231
avatar

Oxşar yazılar