Vərəmdən qorunmağın və sağalmanın yolları- MƏSLƏHƏT
20 dekabr 2013 23:14 (UTC +04:00)

Vərəmdən qorunmağın və sağalmanın yolları- MƏSLƏHƏT

Masallı Rayonlararası Ağciyər Xəstəlikləri Xəstəxanası 50 ildir, fəaliyyət göstərir. 1988-ci ildən yeni binaya köçən 35 çarpayılıq bu şəfa ocağı 2008-ci ildə əsaslı təmir olunaraq, əhalinin istifadəsinə verilib. APA TV-nin məlumatına görə, xəstəxananın nəzdində ötən ildən işə salınan regional baktereoloji laboratoriya vərəmin erkən aşkarlanmasında mühüm rol oynayır. Baş həkim Əzizulla Əliyev deyir ki, xəstəxanada quraşdırılan yeni müayinə aparatlarının köməyi sayəsində xəstələrdə vərəmin olub-olmaması cəmi 2 saat ərzində müəyyənləşdirilir. Baş həkim Əzizulla Əliyev deyib ki,  son illər xəstəxanada Regional Baterioloji Laboratoriya yaradılıb: "Bu laboratoriyanın gücündən təkcə rayonumuzun əhalisi deyil, ətraf rayonun əhalisi də səmərəli istifadə edir. Bu laboratoriyanın əhəmiyyəti ondan ibarətdir ki, burada vərəmin aşkar edilməsi üçün əsas vasitələrdən biri olan bəlğəm əkilir və tezliklə buna cavab hazırlanır".

 

Əzizulla Əliyev cənub bölgəsinin vərəm çöplərinə həssas olmasını hava şəraitinin rütubətli olması ilə əlaqələndirib. Əlavə edib ki, indiki vaxtda xəstəliyin artmamasının əsas səbəbi müayinə metodlarının yaxşılaşması və maddi-texniki bazanın müasirləşməsi ilə bağlıdır: "Problem əhalinin bir qrupunun, yəni gənc oğlan və qızların bu xəstəxanalara, yəni vərəm dispanserlərinə az müraciət etmələridir. Elə buradan üzümü onlara tutub deyirəm ki, müraciət etməkdən çəkinməsinlər. Xəstəlik vaxtında aşkar edilərsə onun müalicəsi də çox gözəl effekt verir".

 

Əzizulla Əliyev vərəmə yoluxmamağın şərtləri barədə tövsiyələrini dilə gətirib: "Biz bilirik ki, səliqə-sahman, təmizlik bütün xəstəliklərin, o cümlədən vərəmin azalmasının səbəblərindən biridir. Bunun üçün isə məişət şəraitinin yaxşılaşdırılması, düzgün qidalanma, düzgün istirahət, vaxtında həkimə və ağciyər xəstəxanalarına, vərəm dispanserinə müraciət etmək daha yaxşı olar".

 

Vərəmin sağalan xəstəlik olduğunu bildirən müsahibimiz vaxtında və düzgün müalicə ilə yüz faiz sağalmaya nail olunduğunu söyləyib.

 

Vəli Turan, APA TV

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1473
avatar

Oxşar yazılar