Ümumtəhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilməsi prosesində müşahidə olunan hallardan biri bəzi valideynlərin öz övladlarının rus dilində təhsil almasına nail olmaq cəhdi ilə bağlıdır.
Bəs, uşaqlar rus dilində təhsilə hazırdırlarmı?
Lent.az məsələylə bağlı məktəb rəhbərləri və təhsil ekspertlərinin
fikirlərini öyrənib.
6 nömrəli məktəb-liseyin direktoru, əməkdar müəllim Gülşən Orucova ilk növbədə qeyd edir ki, uşaq hansı dildə böyüyürsə, o dildə də ilk təhsilini almalıdır.
İbtidai təhsil pilləsində hər zaman uşağın valideyn köməyinə ehtiyacı olduğunu vurğulayan Gülşən Orucova bildirir ki, ən azından valideynlər uşağın təhsil aldığı həmin dili bilməlidirlər: «Problemlər ilk illərdə özünü büruzə vermir, lakin VI-VII siniflərdən sonra uşağın qarşılaşdığı dil çətinliyi təhsilində problemləri aşkara çıxarır. Buna görə də bu gün rus dili bölməsinə qəbulda ən ümdə şərtlərdən biri olaraq bu dildə danışıq və anlama bacarıqlarının yoxlanılması olduqca zəruri və təqdirəlayiqdir. Uşaq rus dilini bilməli, nitqi anlamalıdır ki, həmin dildə təhsil ala bilsin. Bu baxımdan məsələyə yanaşma təqdirəlayiqdir. Mən hətta deyərdim ki, gələcəkdə ibtidai təhsilə rus dilindən
başlamaq istəyən uşağın məktəbəhazırlıq mərhələsində belə tədris dili bacarıqları yoxlanılmalıdır».
Rus bölməsinə qəbul olan uşaqların ilk növbədə, bu dildə düşünüb-anlama qabiliyyətinə malik olmasının vacibliyini xüsusi vurğulayan Bakı Avropa Liseyinin direktoru, beynəlxalq təhsil eksperti Zülfiyyə Veysova deyir ki, əgər uşaq bu dildə düşünə bilmirsə, o, rus bölməsində oxuya bilməyəcək. Nəticədə onun oxuması malik olduğu qabiliyyətindən aşağı olacaq.
Zülfiyyə Veysovanın sözlərinə görə, əgər uşaq Azərbaycan dilində düşünürsə, onun rus bölməsində oxuması heç cür düzgün deyil: “Biz liseyə uşaq qəbul edəndə həmişə bu məqama diqqət yetiririk. Onu da müsahibə prosesində yoxlamaq lazımdır ki, uşağın I sinifdən dilbilmə qabiliyyəti lazımi səviyyədə olsun. Bu, hər hansı kurs deyil ki, uşaq gəlib rus dilini öyrənsin. Məktəbə uşaq tam hazırlıqlı gəlməlidir. Bəzi valideynlər düşünür ki, uşaqları rus dili bölməsində təhsil alsın, dili sonra da öyrənə bilər, amma bu, tamamilə yanlış bir fikirdir. Çünki bu cür yanaşma uşağın qabiliyyətini tam yarıya endirir. Uşaq hansı dildə düşünürsə, o dildə də oxumalıdır. Elə bir mühit olmalıdır ki, uşaq sonradan inkişaf edə bilsin. Əsas meyar budur».
Qeyd edək ki, martın 13-də 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib. Təhsil nazirinin imzaladığı əmrə əsasən, 2019-2020-ci dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində, eləcə də həmin rayonlarda yerləşən məcburi köçkün məktəblərinin I siniflərinə qəbul da elektron sistem vasitəsilə aparılır.