Ünvanlı sosial yardımların verilməsi avtomatlaşdırılacaq
29 dekabr 2013 17:35 (UTC +04:00)

Ünvanlı sosial yardımların verilməsi avtomatlaşdırılacaq

Beş uşaqlı ailələrə əlavə müavinətin verilməsi dövlət büdcəsindən verilən vəsait hesabına maliyyələşəcək və prosesi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək. Lent.az-ın məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qeyd edib ki, bununla bağlı rayonların sosial müdafiə mərkəzlərində məlumatlar alınaraq toplanacaq. Bunun üçün beş uşaqlı ailələrin həmin mərkəzlərə müraciət edəcəklərini deyən nazir qeyd edib ki, bu proses qısa müddətdə avtomatlaşdırılacaq: “Bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən əhalinin reyestri tərtib olunub və artıq bu proses başa çatmaq üzrədir. Orada ailələrin tərkibi və hər ailədə olan üzvlərin sayı barədə məlumatlar olacaq. Bu məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ədliyyə Nazirliyinin əməkdaşları birgə müzakirə aparıblar. Bununla bağlı danışıqlar başlayıb. Yanvarın 7-də nazirliyin İnformasiya Texnologiyaları şöbəsinin müdiri Ədliyyə Nazirliyində olacaq. Hər iki nazirlik arasında sistemlərin birləşdirilməsi istiqamətində intensiv fəaliyyətə başlanacaq. O zaman insanlardan hər hansısa bir sənəd istənilmədən 18 yaşa qədər olan uşaqların sayına görə bu prosesi həyata keçirmək olacaq”.

Nazir bildirib ki, nazirliyə avtomatlaşdırma proseslərini həyata keçirmək üçün maksimum 1 il vaxt lazım olacaq. Avtomatlaşdırma sistemi yalnız beş uşaqlı ailələrə müavinətlərin verilməsinə deyil, eyni zamanda ünvanlı sosial yardımın, digər müavinətlərin təyin olunmasına şamil olunacaq. Bu proseslərin avtomatlaşdırılmış şəkildə aparılması üçün xüsusi proqramlar hazırlanmalı, digər orqanların informasiya bazalarına çıxış imkanları əldə olunmalıdır. Sadəcə bir telefon zəngi, elektron müraciətlər və ya poçt şöbələrinin qarşısına quraşdırılan inform kiosklar vasitəsi ilə müraciətlər qəbul olunacaq. Avtomatik şəkildə dərhal informasiya bazalarına müraciət edilməklə onların düzgünlüyü yoxlanılacaq. Bu düzgünlük təsdiq olunarsa, o zaman həmin şəxslərə müavinətlərin verilməsinə başlanacaq”.

Nazir onu da bildirib ki, ölkədə beş uşaqlı ailələrə əlavə müavinətlərin verilməsi iki məqsədə xidmət edir. Onun sözlərinə görə, ilk növbədə çoxsaylı uşaqların maddi durumunun yaxşılaşdırılması məsələsi onların sosial müdafiəsinin gücləndirilməsi məsələsini gündəmə gətirir: “Digər tərəfdən demoqrafik vəziyyətin yaxşılaşdırılması istiqamətində atılmış böyük addımdır. Azərbaycanda əhalinin yüksək təbii artımı var. Yaxın zamanlarda Azərbaycan əhalisinin sayı 10 milyondan çox olan ölkələrdən biri olacaq. Nazirliyin mühüm funksiyalarından biri də demoqrafik problemlərin tədqiqidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1232

Oxşar yazılar