Üçüncü...beynəlxalq...satışsız sərgi -  REPORTAJ
26 sentyabr 2013 17:12 (UTC +04:00)

Üçüncü...beynəlxalq...satışsız sərgi - REPORTAJ

Və ya monqol turistləri monqol dublyonkalarını burdan alırlar?

 

Uca göylər dözməyib halımıza hönkürtü ilə ağlayandan, keçidlərimizi, yollarımızı keçilməz dəryalara çevirəndən sonra, günəşimiz doğdu. Hər zamankı kimi, üzümüzə yox, gözəgəlimli yollarımıza. Arxa küçələrdən hələ də arx axırdı.

Günəşin operativ şüalarının açdığı cığırlarla şəhərin lap mərkəzinə, “Tarqovı”nın lap göbəyinə yaxınlaşıram. Bah! Bir çal-çağır, bir hay-küy var ki, gəl görəsən. Oğuz igidləri ağ çadırlarını qurub, samovarlarını tüstülədib, sazlarını basıblar sinələrinə. Ağlınıza başqa bir şey gəlməsin, bu “Kitab Sərgi Yarmarkası”dır. Özüdə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə, özüdə beynəlxalq, özüdə üçüncü...

Bu haqda bir dəfə də yazmışdım. Sərgiləri sevmirəm, çünki işlə bir saatda başlayıb bir saatda da bitir. Hesab etmək olar ki, bu sərgi yarmarka işsiz – gücsüz adamlar üçün nəzərdə tutulur. Məsələn, mənim üçün. İşsizliyin yeganə üstünlüyü odur ki, “ölü yerindən – diri yeri”ndən xəcalətli qalmırsan.

Uzatmayaq, iki teatrın arasında məskən salmış yarmarkaya ilk göz atanda çoxlu kostyumlu, qalstuklu müəllimlərlə rastlaşıram. Nə gözəl! Amma bu adamlar heç biri kitablara tərəf baxmır. Məlum olur ki, III Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkasında həm də xalq şairi Zəlimxan Yaqubla görüş keçirilir. Bu insanlar isə şairlə görüşə gəliblər. Bu da gözəl!

Stendlərlə davam edirik.

Demək olar ki, hamısı bir – birinə bənzəyən stendlərlə. Sağda dərsliklər, solda balacalar üçün nəzərdə tutulan allı-güllü nağıllar, ortada isə siyasi xadimlərə, tarixi şəxsiyyətlərə həsr olunmuş kitablar. Əksər nəşriyyat evinin nümayəndələri isə əlləri qoynunda fikrə gedərək yaxınlaşanlara eyni sözü deyirlər: “Satış yoxdur!”

Hə, bir də əksər stendlərə “Şərq-Qərb Nəşriyyatının” çap etdiyi “Dünya ədəbiyyatı kitabxanası” seriyası düzülmüşdü.

Seçimlər bu qədər! Arada-sırada gözünə yeni kitab dəyərdi ki, onu da almaq üçün sərgi-yarmarkaya elə də lüzum yoxdur. Babalarımız demiş, pulun cibində, ağlın başında olandan sonra sərgi-yarmarka nəyinə lazımdı? Get istədiyin kitabı tap, al, oxu!

Az-maz istisnalar da var idi. Amma az-maz! Yəni mən elə bir stendə rast gəlmədim ki, ordan bir yox, bir neçə kitab ala biləm. Məsələn, günlərdir Aleksandr Soljenitsının "İvan Denisoviçin bir günü" əsərinin dilimizə tərcümə olunduğunu oxuyuruq. Bu kitabı bir neçə kitab mağazasından və metro çıxışlarından (Elanda deyildiyi kimi) soruşub tapa bilməmişəm. Yəqin burda taparam deyirdim, heç şəklini də görmədim.

Davam edirik. 25 ölkədən 120-yə yaxın nəşriyyatın iştirak edəcəyi bildirilən yarmarkada türkcə kitablar axtarmağa başladım. Türk yazar demirəm ha! Çünki, heç bir stendin önündə heç öz yazarlarımıza rast gəlmədim. Gözümə bircə Zəlimxan Yaqub göründü, o da görüşdə şeir deyib, saz dinləyib, qonaqlarla şəkil çəkdirirdi. Doğru! Xalq şairinin yeri xalqın arasındadır, daha kitab stendinin qarşısında yox.

Nə isə, türkcə kitab axtarırdıq axı. Tapdıq! Anar, Elçin, Aqil Abbas, Ramiz Rövşən və s. və i. Yəni bu adamların da əsərlərini türkcə oxumaq istəsək bunun üçün bir sərgi-yarmarkaya ehtiyac duyduğumuzu zənn etmirəm. “Bəyin oğurlaması” filmindəki o unikal sual yəqin yadınızdadır: “Niyə Monqol turistləri Monqol dublyonkalarını burdan alırlar?”

Gözüm həftələrdi gündəmi zəbt edən yazarlarımızı axtarırdı. İmzalı kitablarını əldə etmək üçün. Axı necə də olsa bu kitab bayramıdır, əgər kitabı xüsusi endirimlə, ya da müəllifin imzası ilə əldə etməyəcəksənsə bu bayram sadəcə şəhərin ən get-gəlli yerində düz üç gün insanların yolunu kitabla kəsməkdən başqa bir şey deyil. Gözəldir! Amma bizim insanın yolunu təkcə kitabla kəsmək azdır, ona “gəl-gəl” deyən təbliğat da lazımdır.

Nə isə, axtara-axtara şairə Rəbiqə Nazimqızına rast gəldim. Dedi ki, indi danışdım, səhər (Yəni ki, sərgi-yarmarkanın son günü) “Yazıçı” nəşriyyatının stendi önündə öz kitablarımı özüm imzalayıb satacam. Sevindim, amma kifayətlənmədim. “Titanik” filmində gəminin Atlantik okeanının sularına qərq olandan sonrakı məşhur səhnəni xatırlayırsız. “Biz sağları axtaracağıq!” Bəli, mən də israrla yazarları axtarmaqda davam edirəm. Nəhayət budur, bir təbəssümlü sima görürəm. Mirmehdi Ağaoğlu və Qismət Rüstəmov. Amma onlar da stend qarşısında deyillər, mənim kimi sərgiyə gəliblər.

Ey gidi dünya, neylədin Günel Mövludunu? Hay salıb hərəmizə bir qucaq kitab satırdı. Özaramızdı, daha ölkədə deyil, dalınca da danışmaq olar, hərdən həmkarlarından birinin elə kitabını adamın qucağına yükləyirdi ki, lap üzə düşüb alırdın. “Boy, hələ bunu oxumamısan?” deyərək. Kitabı belə satarlar. Onu çap edib kitab evinə etibar etmək, uşağı doğub uşaq evinə atmaq kimi bir şeydi.

Davam edirik. Bir neçə stenddə kitabların axşamkı yağışa məruz qalması çox acınacaqlı görünürdü... Səhifələrini açıb qurumaq üçün sərgiləyirdilər. Mən guya kitaba baxırmışam kimi hamısını örtdüm. Qoy qurumasınlar, elə nəm qalsalar yaxşıdır. Yağış yolları yuyub aparıb, yaddaşımızı ki, yox. Biz ilin əvvəlində kitabdan tonqal qalayan, ilin sonunda kitaba sərgi açan xalqıq. Qoy kitablarımız nəm olsun, sabahdan kim sığortalanıb?

Nəhayət qarşısında qələbəlik olan bir stendə rast gəlirəm. Kitab seçimi də çoxdur. Yaxınlaşıb özümə kitablar seçəndə tanış səs:

- Hər dəfə bir belə kitab alırsız, bəs onları oxumursuz?
- Əlbəttə oxuyuram, Şahbaz bəy!
- Bəs niyə heç biri haqda heç nə yazmırsız?
- Hələ ki, oxuduqlarım xoşuma gəlir, ona görə. Bircə “Norveç meşəsi”nin səhifələri qopurdu, siz deyən kimi əvvəlcə yapışdırıb sonra oxudum. Bir də “Möhtəşəm Getsbi”də maraqlı tərcüməyə rast gəldim. Dolları manat olaraq çevirmisiz...
- Aaa, bunu gələn nəşrimizdə düzəldərik. Adətən rublu manat kimi çeviririk, amma dolları çevirmirik...

“Qanun” nəşriyyatının sahibi, məmləkətin ən məşhur kitabçısı, kitab biznesində monopoliya yaradan (Haqlıdırlar! Fikir verin, hamı sərgiyə qoşulub, bu adam yarmarkaya!) Şahbaz Xuduoğlu ilə söhbət edə-edə alacağım kitabları seçib pulunu ödəyirəm. Sərgi-yarmarka olduğu üçün 20 faiz endirimdən yararlanıram ki, adi həftələrin şənbə günü Qanun nəşriyyatının elə həmin yerdə keçirdiyi, amma beynəlxalq olmayan endirim kampaniyasında qiymətlər daha sərfəlidir.

Növbəti stendin qarşısında bir dəstə tələbə qızın satıcı ilə söhbətini eşidirəm:

- Elif Şafak, “Eşq”. Nə haqdadır?
- Sevgi haqda.
- Oğlanla qızın sevgisindən olan kitab olsun!

Bizim insan üçün oğlanla qızın sevgisindən o yanda həyat yoxdu axı...

Bu günlərdə jurnalistlərdən biri çox yaraşıqlı xanım tanışına dedi ki, “Nə qədər ki, gəncsən, oğlanlar səninlə maraqlanır. Qocalandan sonra yaraşığından bir şey qalmayacaq. Heç olmasa o vaxtlar da maraqlı olmaq üçün bəri başdan oxumağa başla”. Bir həftə sonra qızı əlində kitab görmüşdü – “Hədislər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2419
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar