Uçan ələm... – QABİL ABBASOĞLU YAZIR
18 noyabr 2013 15:04 (UTC +04:00)

Uçan ələm... – QABİL ABBASOĞLU YAZIR

Heç nə... Belə getməyəcək, qardaşlar, bacılar... hacılar... belə heç nə edə bilməyəcəyik.

 

Bu Aşura günü Sabirabadın Moranlı kəndində baş verənləri gördüm. Aşura mərasimindən çəkilmiş görüntülər sosial şəbəkələrdə paylaşılıb. Görüntü nə görüntü...

 

Uçan ələm. Elə belə də deyirlər. Bir dəmir boru, başında əl pəncəsinin maketi... və bu, uçur... Üst-başından, geyim-kecimindən hind ilanoynadanlarına oxşayan birisi bu dəmir borunu o qədər də yüksək olmayan artistlik bacarığı ilə “oynadır”, ələmin uçduğunu iddia edir, “göstərir”. Adamın sifətindəki vahimə və mistika əlamətləri də, insafən, yerindədir. Mən onun təsadüfi, yaxud cahil bir adam olduğuna heç inanmıram. Belələri konkret ünvanlardan konkret tapşırıqlar alıb, onu icra etməklə məşğul olurlar. Məqsəd, kütləni oyanmağa, cəhalətdən çıxmağa, dinin nə olduğunu, nəyin din olduğunu bilməyə, beləliklə bu fırıldaqlara üsyan etməyə qoymamaqdır...  Hədəf – bu yolla pul qazanmaq. Mühərriksiz, qanadsız, bircə cüt pər belə qondarılmayan bir dəmir parçasının “uçmasına” insanları inandırıb, bundan pul qazanmaq... ya bu, islam deyil, ya da islamdısa, onda ta heç nə!

 

Bu kadrlara diqqətlə baxın. Bu adam, onun yanındakı arvadlar, fondakı avaz... və ətrafda yesir olmuş savadsız, cahil kütlə! Bu kadrları çəkən və onunla həmfikir olan, bu səhnəni bəyənməyən, baş verənlərin xurafatdan və cəhalətdən başqa heç nə olmadığını anlayan gənclərimiz – bu mənzərədə tək ümidverici və müsbət faktdır... Azdır, yetərli deyil, amma var...

 

Bu qazan neçə illərdir, neçə əsrlərdir qaynayır. Bu şüur əsrlərdir, illərdir usanmır, yorulmur, təzələnmir, dirçəlmir... Bu şüur minləri, yüzminləri gilyotinə aparıb, ilgəyə sürükləyib, çarmıxa qaldırıb, gülləyə çıxarıb... aparır, sürükləyir, qaldırır, çıxarır hələ də. Başlar kəsir bu nidalar indinin özündə də. Dəriləri soyulub, dırnaqları çıxarılıb, tonqallara atılıb nə qədər insan. Bu zehniyyətsizlik ucbatından! Kimin üzərindədi məsuliyyət?! Axı, sahibsiz heç bir əməl yoxdu yer üzündə. Axı hər şeyin törədiyi bir mənbə var. Axı, hər yaxşının qürrələnən bir yiyəsi olduğu kimi, hər pisin də utanan bir sahibi olmalıdı...

 

Arada bu “uçan ələm” yatır, dayanır, enir, əyilir... pul üçün, nəzir üçün. Hə, baxın, harda nəzir almadığı adamlar qalırsa, ələm ora səyriyir. O qara canbazın o qara dəmiri necə silkələdiyini, necə “uçurtduğunu” hamı görür axı! Hamı da anlayır! Heç kim demir ki, bu necə uçan ələmdi ki, o canbazın ayağını yerdən 3-cə santimetr belə qaldırmayıb hələ bir dəfə də! Amma heç kim dinmir, duruxmur, soruşmur, şübhələnmir! Çünki qorxur... Qorxduğu üçün nəzir verir. Rüşvət kimi.

 

Heç bir səlahiyyəti, gücü, təsir mexanizmi, tutmaq, damlamaq, ittiham etmək, bağlamaq, dağıtmaq, sökmək, uçurtmaq imkanı olmayan dəmir parçasına rüşvət verən adam əlində real, qanuni təsir imkanları olan vəzifə sahibinə, səlahiyyət yiyəsinə niyə verməsin rüşvəti?! Bu zehniyyətsizlik rüşvəti törədir. Bu zehniyyətsizlik, hər zaman hamımızın gileyləndiyi korrupsiyanı doğurur. Bu zehniyyətsizlik, öz hüquqlarını bilməməyin, qorumamağın səbəbidir...

 

Bu ağıllamı Qarabağı almaq istəyirik ermənidən?! Kilsəsini milli düşüncə mərkəzinə, milli ideologiya generatoruna çevirən ermənidən torpaqlarımızı “uçan ələm”ləmi alacağıq?! O kadrlardakı uşaqlar sabah əsgər olacaqlar. O qızlarımız sabah ana olub övlad böyüdəcəklər. Gedin nə ölümünüz var özünüzə götürün, o cocuqları buraxmayın belə yerlərə heç olmasa! O dəmir borunun uçduğuna inanan məktəbliyə xəritədə torpaqlarımızın hardan hara uzandığını kim anladacaq? Kim anlada biləcək? Kim başa salacaq onları ki, silah, can, sevgi, ağıl lazımdı torpaqlarımızı geri qaytarmaq üçün, sakın o ələmin uçmasına bel bağlamayın, uçmayacaq o... və heç zaman da uçmayıb...

 

Bu mənzərəni kim təşkil edib, bilmirəm. Amma səslərini çıxarmalı olan tanıdıqlarım var. Cəmiyyətin eləsindən-beləsinə umacağı olan, hörməti hörmət, hökmü hökm, imkanı imkan olan insanlar var. İnanc yiyələri var. İnancını təlqin edənlər var. Dinimizin elm, mərifət dini olduğunu bizə öyrədənlər var. İslam adına məzhəkə quraşdırılır, səhnə oynanılır, pul qazanılır, millət soyulur, parası alınır, ağlı alınır, vicdanı alınır, ürəyi alınır, gələcəyi, keçmişi, dini... hər şeyi alınır! Kimsə dillənmir!

 

Hörmətli Şeyxülislam Hacı Allahşükür Paşazadə, nə deyirsiniz? Bu məzhəkə sizə lazımdırmı? Bunu dinimizdən sayırsınızmı? Burdan qazancınızmı var, hörmətli mömin və ziyalı qardaşlar?! Dəyərli Hacı Sabir Həsənli, Hacı Şahin Həsənli, Hacı Qamət Süleymanov, Hacı İlqar İbrahimoğlu, Seyid Camal Əzimbəyli, Hacı Əlixan Musayev... adlarını çəkmədiyim neçə bəylər və xanımlar! Qazancmı gəlir ordan sizə? Yoxsa islama qazanc hesab etdiyinizdən dinmirsiniz? Bildiyim qədər birinci deyil. İkincidirmi? Onu da siz deyəcəksiniz...

 

Bir qələm adamının, bir jurnalistin səliqə-sahmanlı yazısında bircə cümlə tapıb orda küfr axtaranda, bir də dönüb “dindaşlar”a baxın. Ola bilər, faydası sizin deyil, zərəri ki sizindi, niyə səsiniz gəlmir? Niyə bir yazarın müzakirə havasında yazdığını, həm də kitabını oxuyaraq yazdığını səbəb gətirib ruhunu xatırlamaq belə istəmirsiz, kafir adlandırırsız, amma üstünə rəngbərəng parçalar bağlanmış, nəzirlər düyünlənmiş, göydə “uçan”, arada təkcə pula-nəzirə əyilən, yüzdəyüz bütpərəst simvolikası olan, cəhalət təlqin edən, mövhumat yayan, qorxu və xurafat aşılayan dəmir parçasından şəfqət diləməyin, nəzir verib umacaq bəsləməyin, ondan qorxmağın, ona inanmağın küfr olduğunu demirsiz?! Axı sizin hər birinizin hörmətinizi saxlayan, sözünüzü dəyərli bilən, biliklərinizə inanan insanlar var. Mövqeyinizi bildirin, bildiyinizi deyin, dinimiz itirməz bundan, qazanar yəqin...

 

Bu ölkənin “uçan ələmlər”, qaçan canbazlar, “yanmayan Quran”lar, kabus kimi dolaşan fətvalar ölkəsi olmasını kim istəyir? Biz istəmirik.

 

Biz bayrağımızın altındayıq...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10594
avatar

QABİL ABBASOĞLU

Oxşar yazılar