İnkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanaraq ölkənin davamlı inkişafının təminatı məqsədilə son illərdə aparılmış texnoloji islahatlar öz bəhrəsini verməkdədir. Bu islahatların aparıcı sahəsi olan informasiya və kommunikasiya texnologiyaları artıq sürətlə inkişaf etmiş və bütün sahələrdə sosial-iqtisadi münasibətlərin mühüm bir hissəsinə çevrilmişdir.
Azərbaycanda informasiya kommunikasiya texnologiyaları sektorunun inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun səyləri nəticəsində ölkədə telekommunikasiya, poçt, rabitə və internetin inkişafı təşəkkül tapmışdır.
2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti vəzifəsini icra edən cənab İlham Əliyev xalq tərəfindən qazandığı etimadı doğruldaraq Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirir və İKT sahəsinin inkişafının sürətləndirilməsi üçün mühüm tədbirlər görür.
Ölkədə informasiya tranzitinin qlobal inteqrasiyası baxımından kosmik sənayenin formalaşdırılması məqsədilə təsdiq edilmiş müvafiq Dövlət Proqramına əsasən ilk peykimizin orbitə çıxarılması istiqamətində tədbirlər görülmüş və öz təsdiqini tapmışdır. Nəhayət, 2013-cü ilin fevralın 8-də Azərbaycanın ilk kommunikasiya peyki Kuru kosmodromundan orbitə buraxılmışdır.
Artıq bu nailiyyətin əldə olunmasından 1 il keçmişdir və nəzərdə tutulan məramların reallaşdırılması istiqamətində mühüm uğurlar əldə edilmişdir.
Təbii ki, bütün bu nailiyyətlər ölkəmizi regionun digər dövlətlərindən kəskin fərqləndirən mühüm cəhətlər sırasına daxil olmuşdur. Məhz bu sahənin prioritet istiqamətlərdən birinə çevrilməsi ölkədə davamlı iqtisadi inkişafı təmin etmək, iqtisadiyyatın neftdən asılılığına son qoymaq, innovativ biliklərə əsaslanan iqtisadiyyat qurmaq məqsədi daşıyır.
Bu məqsədlə 2013-2014-cü illərdən etibarən İnformasiya Kommunikasiya Universitetində təhsil prosesinə başlanılması da ölkədə informasiya sahəsində elm və təhsil potensialını zənginləşdirərək yüksək ixtisaslı kadr hazırlanması işində böyük rol oynayacaqdır.
Ləman Xəlilova
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı