TQDK magistratura imtahanı ilə bağlı apelyasiya komissiyası yaradıb
26 may 2014 10:50 (UTC +04:00)

TQDK magistratura imtahanı ilə bağlı apelyasiya komissiyası yaradıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bakalavrlara müraciət edib. Komissiyadan Lent.az-a verilən məlumata görə, mayın 25-də keçirilmiş magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak etmiş bakalavrların imtahanın məzmunu ilə bağlı müraciətlərinə TQDK-da yaradılmış apellyasiya komissiyasında 26 və 27 may tarixlərində saat 10:00-dan 17:00-dək baxılacaq.

 

TQDK-dan verilən məlumatda o da qeyd olunur ki, mayın 25-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsi keçirilib. İmtahanlar Bakı, Gəncə və Naxçıvan şəhərlərində baş tutub.

 

Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi mayın 1-dən 8-dək aparılıb. Onlar qeyd olunan müddət ərzində elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramlarından birini seçib təsdiq ediblər. 

 

Hazırda TQDK-da imtahan protokollarının və cavab kartlarının emalı aparılır, eyni zamanda yazı işlərinin yoxlanmasına başlanıb. Nəticələrin yaxın günlərdə elan olunması nəzərdə tutulur.

 

Bakalavrlar imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər. Nəticələrin elan olunmasına dair ilkin məlumatlar TQDK-nın rəsmi internet səhifəsində veriləcək. Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra müsabiqə şərtlərini ödəmiş bakalavrlar mayın 29-dan iyunun 1-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər. 2014-2015-ci tədris ili üçün magistraturaya qəbul aparılan ixtisaslaşmalar və digər zəruri məlumatlar 4 saylı “Magistr” jurnalında dərc olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 521

Oxşar yazılar