“2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrların ixtisas seçiminə bu gündən start verilib və bu proses iyunun 1-i, saat 24:00-dək davam edəcək”. Bunu Lent.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib.
O qeyd edib ki, ixtisas seçimi 59 proqram üzrə aparılır və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlifdir. “Misal üçün, müsabiqə vəziyyəti bir yerə 2-dən çox namizəd olan proqramlar. Onlardan “Kimya mühəndisliyi” ixtisasına aid olan 18 saylı proqram üzrə 45 plan yerinə 112 bakalavr müsabiqəyə buraxılıb, yəni hər plan yerinə 2,49 namizəd var. Belə proqramlara 17, 19, 22, 34, 49 və 59 saylı proqramları aid etmək olar, bu tip proqramlar üzrə həm dövlət sifarişi, həm də ödənişli yerlər üzrə yüksək müsabiqə gözlənilir. Müsabiqə vəziyyəti bir yerə 1-dən çox namizəd olan proqramlar var. Onlardan Neft-qaz mühəndisliyi ixtisasına aid olan 2 saylı proqram üzrə 39 plan yerinə 67 bakalavr müsabiqəyə buraxılıb”.
E. Nağızadə onu qeyd edib ki, 26 saylı proqram üzrə ikinci mərhələdə 1564 bakalavrın iştirak etməsinə baxmayaraq , onlardan yalnız 861 bakalavr 20 və daha çox bal yığıb, nəticədə müsabiqə vəziyyəti bir yerə 0,72 olub. “Ən kütləvi proqram olan 56 saylı proqram üzrə ikinci mərhələdə 1983 bakalavr iştirak edib, onlardan 1718 bakalavr 20 və daha çox bal yığıb, nəticədə müsabiqə vəziyyəti bir yerə 1,47 olub”.