İyunun 5-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Göyçay şəhərində yerləşən regional bölməsinin açılışı olub. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, açılış mərasimində TQDK sədri Məleykə Abbaszadə, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, rayon ictimayyəti və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən TQDK sədri deyib ki, Nazirlər Kabinetinin qərarı ilə 2012-ci ildə Komissiyanın yeni 3 regonal bölməsi yaradılıb, bununla da TQDK-nın regional bölmələrinin sayı 8-ə çatıb.
M. Abbaszadənin sözlərinə görə, bu il bütün ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları regional bölmələrin yerləşdiyi şəhərlərdə, o cümlədən Göyçayda keçiriləcək. Bununla, regionlarda yaşayan abituriyentlər daha yaxın mərkəzlərdə imtahan verməklə maddi resurslarına, vaxtlarına və enerjilərinə qənaət edəcəklər. TQDK sədri abituriyentlər üçün bu amilin psixoloji baxımdan da müsbət əhəmiyyət daşıdığını vurğulayıb.
Komissiya sədri bu zonada yaşayan və fəaliyyət göstərən müəllimlərin, ekspertlərin, ümumilikdə pedaqoji ictimaiyyətin qəbul imtahanlarına dair materialların hazırlanmasında, qəbul proqramlarının müzakirələrində, dərsliklərin monitorinqi və digər elmi-metodiki proseslərdə daha fəal iştirakını arzu etdiyini bildirib. Buna görə də onları regional bölmə ilə daha sıx əməkdaşlığa dəvət edib. Tədbirin sonunda TQDK sədri görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.