Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanları ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün apelyasiya komissiyaları yaradılıb.
TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, vətəndaşlar müəyyən məsələlərlə bağlı olaraq müvafiq tarixlərdə komissiyaya müraciət edə bilərlər. Bu gün TQDK-da iyulun 14-də keçirilmiş III ixtisas qrupu üzrə qəbul imtahanında ayrı-ayrı fənlər üzrə istifadə edilmiş test tapşırıqlarının məzmunu ilə bağlı vətəndaşların müraciətinə baxılacaq. Bu proses bir gün davam edəcək. Növbəti qəbul imtahanlarından sonra da TQDK-nın mütəxəssisləri test tapşırıqlarının məzmunu ilə bağlı vətəndaşların müraciətini və suallarını cavablandıracaq.
Test tapşırıqlarının məzmunu ilə bağlı I qrup üzrə iyulun 22-də, IV qrup üzrə iyulun 29-da, II qrup üzrə müraciətlərə baxılacaq. Avqustun 12-dən 14-dək digər müraciətlər cavablandırılacaq. Apelyasiya komissiyaları TQDK-ya yalnız göstərilən tarixlərdə edilmiş müraciətlərə baxacaq. Abituriyent apelyasiya komissiyasına şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə şəxsən müraciət etməlidir. Müraciətin araşdırılması zamanı onunla birlikdə yalnız valideyni iştirak edə bilər, üçüncü şəxslərin iştirakına icazə verilmir. Apelyasiya komissiyalarının işi başa çatdıqdan sonra imtahanlarla bağlı heç bir müraciətə baxılmır.