Bu gündən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nəzdində fəaliyyət göstərən fənlər üzrə elmi-metodiki seminarlar öz işinə başlayır. Lent.az-ın məlumatına görə, ingilis dili fənni üzrə keçirilən ilk seminarda çıxış edən TQDK-nın şöbə müdiri Nərminə Məmmədova bildirib ki, artıq neçə illərdir keçirilən seminarlarda fənlər üzrə test tapşırıqlarının hazırlanması, yeni model testlərin qurulması, açıq və qapalı test tapşırıqlarının və digər məsələlər ətraflı müzakirə edilir. Onun sözlərinə görə, elmi-metodiki seminarlarda paytaxtla yanaşı, regionların fənn müəllimlərinin də iştirak edir: “Özünü pedaqoji ekspertlər kimi təqdim edən bəzi şəxslər dövrü mətbuatda çıxış edir, testlərin çətinliyi, məzmunu ilə bağlı müəyyən fikir söyləyirlər. Lakin qeyd edək ki, hər bir istifadə olunan testin parametri və statistik göstəriciləri var. Əgər müxtəlif fikirlər səsləndirən pedaqoji ekspertlərin əlində qəbul imtahanlarında istifadə olunan test suallarının statistik göstəriciləri yoxdursa, onlar hansı əsasla belə fikirlər səsləndirib yanlış fikirlər yaradırlar?”.
Məktəblərdə ingilis dilinin tətbiqi məsələsinə gəlincə, N. Məmmədova qeyd edib ki, abituriyentlərin bu fənn üzrə hazırlıqları yüksək olmur. Şöbə müdirinin sözlərinə görə, orta məktəbdə verilən qiymətlər şagirdin biliyini əks etdirmir.
TQDK-nın sektor müdiri Məhəbbət Əkbərli və seminarın sədri Rəna Əhmədova seminarın iş planı, görüləcək işlər və müzakirə olunacaq məsələlər barədə ətraflı məlumat veriblər. Qeyd edək ki, fənlər üzrə elmi-metodiki seminarlar may ayına kimi davam edəcək. Seminarlarda iştirak etmək arzusunda olanlar TQDK-nın Yoxlama-ölçmə materiallarının işlənməsi sektoruna, bölgələrdə isə komissiyanın regional bölmələrinə müraciət edib qeydiyyatdan keçməlidirlər.