Televiziya ulaq deyil, dostlar!
10 dekabr 2014 16:06 (UTC +04:00)

Televiziya ulaq deyil, dostlar!

Daima göz önündə olmaq elə də asan məsələ deyil, ələlxüsus bu göz önündə olandan hamı öz zövqünə, istəyinə, tələbatına, yaxud ehtiyacına uyğun şeylər tələb edirsə. Televiziyalar da həmişə göz önündə olurlar və təkcə Azərbaycanda yox, dünyanın hər tərəfində yayımlanan televiziyalar bu tələbə tuş gəlirlər. Ancaq hərdən bu tələblərin emosionallığının differensial səviyyəsi o qədər yüksək olur ki, haqq itir, obyektivliyə yer qalmır. Son günlər Azərbaycan televiziyalarında yayımlanan verilişlərin tənqidində olduğu kimi...

Birincisi, televiziyalar barədə yazanlar, fikir söyləyənlər bəzən unudurlar ki, reytinq deyilən bir zad var və televiziyanın özünü, əməkdaşlarını saxlamaq üçün zəruri olan maliyyə məhz həmin reytinq hesabına əldə olunur. Yəni, iş adamı, sahibkar öz məhsulunun reytinqi yüksək olan televiziyada reklam olunmasını istəyir, pulundan da buna görə keçir. Nə edək ki, məhz bəzi yazar dostlarımızın bəyənmədiyi verilişlər yüksək reytinq verir, yəni insanlarımız, xalqımızın nümayəndələri, hətta bir çox hallarda atalarımız, analarımız, qardaş-bacılarımız məhz həmin tənqid olunan verlişlərə baxırlar? Sizin və bizim xalqın seçiminə hörmət etməkdən başqa əlacımız varmı?

İkincisi, mən hər gün evimdən çıxıram və çalışdığım ATV kanalının qapısından içəri keçirəm. Mən insanların ATV-də yayımlanan verilişlərdə sözlərini demək, elə-belə, sadəcə iştirak eləmək üçün növbəyə durmalarını görürəm. Allaha and olsun, illər uzunu həmin televiziyanın efirində “Gizli tarix”, “Azərbaycan sirləri” verilişlərinin müəllifi, aparıcısı olmuşam, bəzi istisnaları çıxmaq şərtiylə, hələ bir dəfə görməmişəm ki, mənim verilişimə gəlmək üçün qapıda başyardı düşsün... Nə gizlədim, deyim ki,  dünya, Azərbaycan tarixinin böyük şəxsiyyətləri, olayları haqqında olan filmlərim, yenə bəzi istisnaları çıxmaq şərtiylə, heç vaxt reytinq verməyib. Hansısa aparıcının qeyri-adi hərəkətindən yazanlar, özüm ölüm, bir dəfə də olsun mənim ciddi filmlərimdən yazmadılar ki, mən də həvəslənim, bunları davam etdirim. Yaxud cəhənnəm, mənim həvəsim ürəyimdə qalsın, bir sahibkar, iş adamı tapılaydı və “efirimiz şit verilişlərlə dolub” deyibən ahu-zar eləyənlər onu inandıraydılar ki, gəl bu tarixi filmlərə para ver, qoy çəkilsin, xalqımız, dövlətimiz üçün xeyirli olsun?

Üçüncüsü, “zövqsüz verlişlər efiri başına götürüb” deyən dostlar! Axı, Azərbaycan efiri təkcə ATV-dən, ANS-dən, yaxud başqa kommersiya kanallarından ibarət deyil. Axı, Azərbaycanda birbaşa sizin, bizim, hamımızın hesabına formalaşan və şükür Allaha, ildən-ilə artan büdcəmizdən dolanan telekanallar da var. Niyə baxmırsınız onlara? Niyə Az.TV-yə, “Mədəniyyət”ə, İTV-yə baxmırsınız? Axı, insafınız olsun, bu telekanallarda bəyənmədiyiniz məqamları özündə ehtiva eləyən verilişlər, hərəkətlərini bəyənmədiyiniz aparıcılar olmalı deyil. Televizorlarınızın pultu öz əlinizdədir, bəyənmədiyinizə baxmayın, bəyəndiyinizə baxın!

Dördüncüsü, qıraqdan baxana döyüş asan gəlir, dostlar! Əslində, mən bu həngamənin nəyə görə qopduğunu çox gözəl anlayıram. Məsələ telekanallar arasında gedən və təbii ki, getməli olan rəqabətdədir. Ancaq müşahidələrim onu deməyə əsas verir ki, deyəsən, rəqabətə bəzən haramlıqlar da qatılır. Yəni, başqasını reklam bazarından sıxışdırıb çıxarmağın yolunu qələmə sarılmaqla, yaxud sarıtmaqla tapmaq yaxşı iş deyil. Ulağı unudub palanı kötəkləmək mənasız zaddı...

Ulaq dedim, yadıma bir lətifə düşdü... Molla özü ulağın ustündə, uşağı piyada bazara gedir. Camaat deyirlər ki, utanmır, balaca uşağı piyada qoyub. Molla uşağı ulağa mindirib özü piyada qalır. Görənlər deyir, başı xarabdı, qoca kişidir, niyə özü piyada gedir? Molla bu dəfə özü də ulağa minir. İndi də deyirlər, zalım oğlu, ulağa zülm edir. Axırı molla özü də, uşağı da ulaqdan düşürüb, payi-piyada bazara üz tuturlar. Bu dəfə camaat deyir: “Başıboş adamdı, ulaq boş-boşuna gedir, özləri də piyada”... Dostlar, insafınız olsun, deyin, ulağı hansı formatda minək? 

ilham-tumas@mail.ru

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 159

Oxşar yazılar