“Rus dili ümumtəhsil müəssisələrində tədris olunan xarici dillərdən biridir və hazırda tədris planlarında bununla bağlı heç bir dəyişiklik nəzərdə tutulmayıb. Bu barədə Lent.az-a Təhsil nazirliyindən məlumat verilib.
Nazirlikdən tələbə köçürmələri ilə bağlı məsələyə də aydınlıq gətirilib. Verilən məlumatda qeyd olunur ki, hazırda ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin köçürülməsi, xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması 1996-cı ildə təsdiq olunmuş Əsasnamə ilə tənzimlənir.
Ötən illərin təcrübəsi, xüsusən də respublikanın 2005-ci ildə Boloniya prosesinə qoşulması və Boloniya Bəyannaməsinin əsas tələbi olan ali təhsil müəssisələrində tədrisin kredit sistemi ilə təşkili, həmin əsasnamədə müvafiq dəyişikliklərin aparılması zərurətini yaradıb. Qeyd olunanları nəzərə alaraq, Təhsil Nazirliyi tərəfindən yeni qaydaların layihəsi hazırlanmış və hazırda müvafiq struktur bölmələrində geniş müzakirə olunur.
Həmin layihə təsdiq edildikdən sonra onun əsas müddəaları geniş ictimaiyyətə çatdırılacaq.