Təhsil Nazirliyi, British Council, Microsoft və Mədəd Azərbaycan “İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası” layihəsinə start verib. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib.
Layihə çərçivəsində seçiləcək 300 nəfərə qədər ingilis dili müəlliminin pedaqoji bilikləri və təhsildə informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə bacarıqları qiymətləndiriləcək, fərdi peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi imkanları təmin olunacaq və beynəlxalq sertifikasiya həyata keçiriləcək. Son nəticədə müəllimlərin motivasiya strategiyasında layihənin fəaliyyət və mexanizmlərinin inteqrasiyası müzakirə ediləcək. Layihənin ilk mərhələsində iştirak üçün 100 nəfər ingilis dili müəllimi seçiləcək.
Təhsil Nazirliyi layihənin pilot tətbiqi mərhələsində strateji dəstək göstərəcək. Microsoft korporasiyası layihə iştirakçılarını müəllim sertifikatlaşmasına dair müvafiq məlumatla təmin edəcək və müəllimlərin onlayn əməkdaşlığı üçün onlayn mühitinin yaradılmasına dəstək göstərəcək. Layihə çərçivəsində nəzərdə tutulan bütün təlimlər Mədəd Azərbaycan təşkilatı tərəfindən keçiriləcək. Təşkilat həmçinin layihə iştirakçılarını onlayn ünsiyyət və əməkdaşlıq alətlərinə çıxışla təmin edəcək, sertifikasiyanın koordinasiya və idarə olunmasını dəstəkləyəcək.
Layihədə pedaqoji kolleclərdə, orta və məktəblərdə çalışan ingilis dili müəllimləri, magistratura pilləsində ingilis dilinin tədrisi üzrə ixtisaslaşan tələbələr iştirak edə bilərlər.
Qeyd edək ki, daha ətraflı məlumat Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilib.