Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş, güclü və nüfuzlu aktor kimi tanınmaqdadır. Regional lider olaraq xarakterizə olunan Respublikamız beynəlxalq sülhün və sabitliyin qorunmasına yönəlmiş dünyamiqyaslı proseslərdə fəal iştirak edir. Regiondakı irimiqyaslı layihələrin Azərbaycanın iştirakı olmadan reallaşması mümkün deyildir. Müasir Azərbaycan dünya xəritəsində öz yerini təsdiqləmiş və dinamik inkişaf yolunu hədəfə almış dövlətdir.
Bu nailiyyətlərin yaşanılmasında Heydər Əliyev Fondunun ölkədaxili və xarici sferada həyata keçirdiyi layihələrin və məqsədyönlü fəaliyyətin rolu danılmazdır. Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmışdır. Xalqın milli-mənəvi dəyərlərini, tarixi kimliyini, milli özünəməxsusluğunu qoruyub saxlayan, həmçinin gələcək nəsillərə də ötürməyi bacaran ulu öndər Heydər Əliyev daim elmin, təhsilin, milli-mənəvi dəyərlərin böyük hamisi və qoruyucusu olmuşdur. Həyata keçirilən fəaliyyət Fondun bu amala sadiqliyini nümayiş etdirir.
Fondun rasional siyasəti nəticəsində Azərbaycan həqiqətləri bu gün dünya ölkələrində yayımlanır, ölkəmizin siyasi, ictimai, mədəni mənzərəsi yüksək səviyyədə təbliğ edilir. 10 ilə yaxın tarixi dövrü əhatə edən Fondun səmərəli fəaliyyəti Azərbaycan həqiqətlərinin beynəlxalq spektrli tanıdılmasında və nümayişində qarant rolunda çıxış etmiş, subyektiv rəy və təhriflərin əsassızlığını sübut etmişdir. Azərbaycanın xarici siyasətinin uğurla reallaşmasında Heydər Əliyev Fondunun xidmətləri əvəzsizdir. Bu fəaliyyət tək ölkə daxilində deyil, eləcə də ölkə hüdudlarından kənarda da çoxşaxəli olmaqla Azərbaycanın humanist mövqeyinin dünyəvi qiymətləndirilməsinə, ölkəmizin beynəlxalq əhəmiyyətli uğurlara imza atmasına imkan yaradır.
Nailə Məmmədova
“Azerbaİjan Realİtİes”