Bakının Nizami rayonunda 10 saylı məktəbdə baş verən qətli törədən şəxslər artıq həbs olunublar. APA-nın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov deyib: "Hüquq-mühafizə orqanları hadisənin törədilməsini dostlar arasında olan mübahisənin mənfi sonluqla bitməsi kimi təqdim ediblər. Yoldaşları ilə münaqişə nəticəsində Famil onlar tərəfindən qətlə yetirilib. Hazırda istintaq orqanları tərəfindən araşdırmaya başlanılıb. Qətli törədən şəxslər artıq həbs olunublar”.
****
17:05
Təhsil Nazirliyi Nizami rayonundakı 10 saylı məktəbdə bu gün baş verən qətllə bağlı araşdırmaya başlayıb. Bu barədə Lent.az-a Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, artıq təhsil naziri Mikayıl Cabbarov baş verən hadisə ilə əlaqədar məlumatlandırılıb. Nazir hadisənin araşdırılmasına göstəriş verib.
Araşdırmanı Nazirliyin Daxili Nəzarət Şöbəsi aparır. Onun sözlərinə görə, öldürülən Famil Gülüşov 4 saylı peşə liseyinin şagirdi olub: “Bu cinayət faktı olduğundan hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılmaqdadır”.
Qeyd edək ki, hadisə bu gün Nizami rayonunda yerləşən 10 saylı orta məktəbin həyətində baş verib. Famil Gülüşov naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Hadisə yerinə Rayon Prokurorluğunun və Polis İdarəsinin əməkdaşları gəliblər. Hazırda hadisə yeri müayinə edilir. Qətlin kimin tərəfindən və hansı məqsədlə törədilməsi hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.