“Təhsil Nazirliyi tərəfindən gələcəkdə universitetlərdə imtahanların keçirilməsi ilə bağlı yeni qaydalar hazırlanıb”. Lent.az-ın məlumatına görə, bunu nazirliyin elm, ali və orta ixtisas təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev bildirib.
O qeyd edib ki, hazırda hər bir universitetdə imtahanlar əsasnamələrə uyğun olaraq həyata keçirilir. Nazirlik rəsmisinin sözlərinə görə, bəzi universitetlərdə imtahanlar yazılı, bəzilərində isə şifahi üsulla aparılır: “Bu, ali təhsil müəssisələrinin elmi şuralarının qərarı ilə həyata keçirilir. Amma gələcəkdə imtahanların keçirilməsi ilə bağlı yeni qaydalar olacaq. Yəqin ki, bu qaydalar yaxınlarda həyata keçiriləcək. İmtahanların keçirilmə qaydaları ali təhsil müəssisələrinin təkcə elmi şuralarının qərarına əsasən yox, yeni qaydalara əsasən həyata keçiriləcək. İmtahanlarının keçirilməsinin müxtəlif üsulları var-şifahi, yazılı, test, baxış üsulu. Bunların hamısı qaydalarda öz əksini tapıb. Bu qaydalar təsdiq olunandan sonra ali məktəblərdə imtahanların hansı qaydada həyata keçiriləcəyi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.