“Təhsil Nazirliyi abituriyentlərin düzgün ixtisas seçiminə kömək etmək məqsədilə yeni layihəyə başlayır”. Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov deyib. O bildirib ki, son 6 ay ərzində nazirliyə müxtəlif ali təhsil müəssisələrindən daxil olan müraciətlərin böyük əksəriyyəti vaxtında ixtisas seçimini düzgün etmədiklərinə görə digər ixtisaslara köçürülmək istəyən tələbələrlə bağlı olub. Bütün bunlar nəzərə alınaraq aprel ayından başlayaraq ali məktəblər, orta ixtisas təhsili müəssisələri və peşə məktəblərində “İxtisas seçimi uğurlu karyeranın başlanğıcıdır” adlı kampaniyaya başlanılıb. Bu kampaniya həyata keçirmək üçün hər bir təhsil müəssisəsi öz baza məktəbini formalaşdıracaq və bu proses orada həyata keçiriləcək. Bu məktəblərdə ali məktəblərə hazırlaşan abituriyentlərlə iş görüləcək, ixtisasların hədəfi, gələcək uğurları ilə bağlı onlara ətraflı məlumat veriləcək. Bununla bağlı vahid qaydada bütün təhsil müəssisələrinin prorektor və karyera mərkəzlərinin rəhbərlərinə vahid standart göndərilib və yaxın müddətdə bu prosesə başlanacaq”.
C.Valehov onu da qeyd edib ki, dünyanın bir çox ölkələrində ali məktəblər öz məzunlarını orta məktəblərdən seçməyə başlayırlar. Onun sözlərinə görə, Təhsil Nazirliyi də dövlət ali məktəblərində, bir çox təhsil müəssisələrində bu praktikanı sistemli qurmağa çalışır.