Təhsil naziri şagirdlərlə görüşdü
21 aprel 2014 14:21 (UTC +04:00)

Təhsil naziri şagirdlərlə görüşdü

Təhsil naziri Mikayıl Cabbarov İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun 1, 2, 7 nömrəli və Cülyan kənd tam orta məktəblərin evdə fərdi təhsil alan şagirdləri ilə görüşüb. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib.

Görüşdə evdə fərdi təhsil alan şagirdlərin valideynləri, müəllimlər və distant təhsil üzrə mütəxəssislər də iştirak ediblər. Təhsil naziri distant təhsilin inkişaf etdirilməsi və sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan şagirdlərin bu prosesə cəlb olunması məsələsinin prioritet istiqamətlərdən biri olduğunu bildirib. Təhsil Nazirliyi tərəfindən bu sahədə həyata keçirilən tədbirlərin əhəmiyyətinə toxunan nazir İsmayıllı rayonunda məsafədən təhsil layihəsinin uğurla icra edilməsini təqdirəlayiq hal kimi dəyərləndirib.

Nazir qeyd edib ki, məsafədən təhsilin əsas məqsədi evdə təhsil alan, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların təhsil almaq imkanlarını yaxşılaşdırmaq, kompüterdən və elektron resurslardan istifadə bacarıqlarını artırmaqdan ibarətdir.

Distant təhsil üzrə mütəxəssis Maral Vəliyeva evdə təhsilin təşkili ilə bağlı təqdimat-məruzə ilə çıxış edib. Valideyn Bayram Rzayev sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan şagirdlər üçün evdə təhsilin təşkili istiqamətində Təhsil Nazirliyinin apardığı məqsədyönlü tədbirlərə görə minnətdarlığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 773
avatar

Oxşar yazılar