Təcili tibbi yardım niyə gecikir?
09 fevral 2015 17:24 (UTC +04:00)

Təcili tibbi yardım niyə gecikir?

“Yollarda tıxaclar, ünvanların yenidən nömrələnməsi və xüsusilə də Bakı ətrafı qəsəbələrdə ünvanların dəqiq olmaması təcili yardımın işini çətinləşdirir”. Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, Nizami rayonu 6 saylı köməkçi yardım stansiyasının şöbə müdiri Vəsilə Abışova deyib. 


Təcili yardım stansiyasının şöbə müdiri tibbi xidmətin yaxşılaşdığını deyib: “Bu gün təcili yardım xidməti inkişafının yeni pilləsinə qədəm qoyub. Bunun bariz nümunəsi kimi sanitar avtomaşınların təchizatı, müasir avadanlıqlarla təmin olunması, tam dərman təchizatını misal göstərmək olar. Biz var qüvvəmizlə çalışırıq, buna baxmayaraq, bütün sahələrdə olduğu kimi, təcili yardımda da problemlər var. Problemlərin çoxu Bakı şəhərində olan tıxaclarla əlaqədardır. Bakı şəhərində binaların, blokların təzə nömrələnməsi prosesi gedir, əhali çağırış verən zaman təzə ünvanlarla bərabər köhnə ev ünvanını da deməsi təcili yardım həkimlərinə ünvanın asan tapılmasına kömək edə bilər. Bu da bizim heyətin vaxtında çatmasını və keyfiyyətli yardım etməsini şərtləndirən amildir”.

Küçələrin işıqlandırılmamasının da təcili yardımın işinə çətinlik yaratdığını deyən həkim briqadaların iş prinsipindən danışıb: “Bakıətrafı qəsəbələrdə yeni evlərin tikilməsi və bu evlərin nömrələnməməsi, küçələrdə işıqlandırma probleminin olması bizə ünvanların tapılmasında çətinlik yaradır. Əhali çağırış verən zaman hər hansı bir marketdən, mağazadan oriyentir kimi istifadə edir, bunu da tapmaq çətin olur. İstər evlərə çağırış, istər kütləvi hadisələr, istər küçə çağırışları zamanı bəzən ərazidə briqadanın olmaması qonşu rayon ərazisinə müraciəti zəruri edir ki, bu zaman ünvanların qeyri-dəqiqliyi sürücülərin işini çətinləşdirir”.

Təcili yardım həkimlərinin işinin çətin olduğunu deyən Vəsilə Abışova həkimlərin hazırlıq prosesi barədə məlumat verib: “Təcili yardıma işə qəbul olunan həkimlərin bilik və bacarığını yoxlandıqdan sonra onlara psixoloji hazırlıq keçilir. Bu həkimlər sərbəst çağırışa getməzdən əvvəl iki həftə ərzində təcrübəli həkimlə birlikdə çağırışlara göndərilirlər. Təcili yardım həkimləri yüksək biliyə malik olmalıdırlar. Çünki təcili yardım həkiminin bütün sahələrdən başı çıxmalıdır. Başqa həkimlərin hərəsinin öz ixtisası olduğu halda, təcili yardım həkimi həm terapevt, həm kardioloq, həm ginekoloq, həm pediatr kimi sahələri bilməlidir və heç bir laboratoriyasız, əlavə vasitələr olmadan diaqnozun qoyulmasında ancaq öz bilik və bacarığına arxalanmalıdır”.

Qonaq bütün hallarda çağırışa gələn həkimin xəstəyə müdaxilə etməli olduğunu deyib: “Təcili yardım həkimi ilkin yardım göstərməlidir. İndi bizim işimizin keyfiyyətinin yüksəlməsində təcili yardım maşınlarında defibrillyator aparatının olmasının çox böyük rolu var. Bu cihaz vasitəsilə istənilən şəraitdə, istənilən yerdə qəfləti ölümlərdə, ürək-damar sistemində baş verən xəstəliklərdə vəziyyətə ilkin müdaxilə etmək mümkündür. Bundan sonra xəstə ağırlıq dərəcəsinə uyğun olaraq ən yaxındakı xəstəxanaya çatdırılmalıdır”.

Vəsilə Abışova təcili tibbi yardımın xəstəni ən yaxındakı xəstəxanaya çatdırılmasının səbəbinin vaxt itkisinə yol verməmək olduğunu deyib: “Ən yaxınlıqda olan xəstəxanaya üstünlük vermənin səbəbi xəstənin vəziyyətinin ağırlıq dərəcəsinə görədir. Doğuş zamanı əgər xəstənin öz həkimi varsa, biz telefonla həmin həkimlə əlaqə saxlayırıq, əgər xəstənin qəbulunda heç bir problem yaranmayacaqsa, bu zaman hamilə qadının istəyinə uyğun olaraq onu həmin həkimin qəbuluna aparırıq. Qəbul olunan çağırışlar həkimə birbaşa planşet vasitəsilə ötürülür. Xəstə ilə bağlı qeydiyyat məlumatlarında yarımçıq nə isə olsa, bu, həkim ünvana gəldikdən sonra dəqiqləşdirilir. İlkin olaraq planşet həkimin əlində olduğu üçün onlar yardımla məşğul olur”. 

Qonaq təcili yardımım həkim heyətinin tərkibi barədə məlumat verib: “Ümumiyyətlə bu gün təcili yardım həkimləri ixtisaslaşmış reanimatoloq, anestezoloq briqadaları, uşaq reanimatoloqu və anestezoloqu briqadalarına ayrılır. Amma əgər çağırış zamanı ginekoloqa ehtiyac varsa, bu zaman stansiyada olan ginekoloq və ya qadın feldşer çağırışa göndərilir. Bəzən təcili yardım həkimi xəstəyə tibbi yardım edir, xəstə özünə gələndən sonra xəstəxanaya getməkdən imtina edir. Bu halda təcili yardım həkimi yenə təkid etməlidir, əgər xəstənin fikri dəyişməsə, onun imzası ilə imtina barədə kağız alınır və iki saat ərzində yenə həmin ünvana təcili yardım briqadası fəal gediş edərək xəstəni təkrar yoxlayır. Əsasən dəm qazı zəhərlənmələri, ürək-damar sistemi xəstəlikləri ilə bağlı müraciətlər, infarktlar, ürəyin ritm pozğunluqları, bronxial astma ilə bağlı şikayətlər olduqda xəstəni hospitalizasiya etməyə çalışırıq. Əgər xəstə razı olmasa, iki saat ərzində ünvana fəal gediş edirik”.


Qonaq son vaxtlar əhali arasında yayılan xəstəliklərdən danışıb: “Son vaxtlar ən çox şikayətlər hipertoniya və ürək-damar xəstəlikləri ilə bağlı olur. Bu xəstəliklərin yayılmasında qidalanma rejimi və maariflənmənin az olmasının da təsiri var”.

Həkim təcili yardımın polisə hansı hallarda müraciət etməsi barədə də məlumat verib: “Qəzalar zamanı polis gələnə qədər xəstəyə müdaxilə olunur. Bundan sonra biz həmin əraziyə ikinci briqada çağırırıq və xəstəni götürüb hospitalizasiya edirik. Bundan başqa mənzillərə çağırış zamanı ölüm hallarında biz polisə müraciət edirik”. 

Vəsilə Abışova həm xəstə yaxınlarının həm də cəmiyyətin təcili yardıma qarşı münasibətindən narazılığını bildirib: “Biz başa düşürük ki, rəhmətə gedənlərin yaxınları aqressiv olur, biz onları sakitləşdirməyə çalışırıq. Amma hərdən həkimlərə qarşı təzyiqlər də olur, hətta həkimləri təhqir edənlər də olur. Yollarda da təcili yardım maşınlarına güzəşt olmur, yol verilmir. Hətta binaların qarşısında olan xüsusi şlaqbaumlar da bəzən açılmır ki, bunlar da təcili yardımın işini çətinləşdirir. Binaların həyətindəki dayanacaqlarda maşınların çox olması təcili yardım maşınlarının hərəkətinə maneçilik törədir”.

Həkim təcili yardım gələnə qədər evdəkilərin xəstəyə müdaxilə etməsi üçün məsləhətlər də verib: “Hər evdə əl altında sakitləşdiricilər olmalıdır, bütün xəstələrdə əvvəlcə həyəcan başlayır. Bunlar karvalol, validol, valerian tipli dərmanlar ola bilər. Bilinməyən ağrıkəsicilərdən istifadə etmək lazım deyil. Temperatur olan kimi antibiotiklərdən istifadə də yanlışdır. Bu zaman həkim gələnə qədər fiziki üsullarla, yəni ayaq nahiyəsini spirtlə ovuşdurmaq, alın nahiyəsinə soyuq dəsmal qoymaq olar. Xəstənin təzyiqi yuxarıdırsa, hər zaman istifadə etdiyi dərmanlardan istifadə etmək olar. Yanıqlar zamanı yanmış nahiyəni soyuq suyun altında yumaq, müəyyən vasitələrdən istifadə etmək məsləhət deyil. Sudan yalnız turşu, qələvi yanıqlarında istifadə etmək olar, lakin texniki yanıqlarda bu, məsləhət görülmür”.

Vəsilə Abışova poliklinikaların iş vaxtı bitdikdən sonra çağırışların artdığını bildirib: “Bizdə günün ən pik vaxtı axşam saat beşdən saat ona qədərdir. Bu vaxtlar çağırışların intensivliyi daha çox olur. Bunun bir səbəbini də poliklinikaların iş saatının bitməsi ilə izah edə bilərik. Saat beşdən sonra bütün müraciətlər təcili yardıma olur. Təcili yardım stansiyalarında gün ərzində orta hesabla 130-150, ümumiyyətlə Bakı şəhəri üzrə isə 1600-1800 çağırış qəbul olunur”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 196
avatar

Oxşar yazılar