Bu gün Azərbaycan Respublikası prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və BMT-nin Azərbaycandakı daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Avrasiya Mətbuat Fonduna BMT-nin İqtisadi və Sosial Şurasının yüksək məşvərətçi statusunun verilməsinə həsr edilmiş təqdimat keçirilib. Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, BAMF-yə BMT-nin İqtisadi və Sosial Şurasının yüksək məşvərətçi statusunun verilməsini ölkəmizin vətəndaş cəmiyyətinin həyatında mühüm hadisə adlandıran şuranın sədri Azay Quliyev dünyada 10 milyondan artıq milli QHT-nin, 40 mindən çox beynəlxalq QHT-nin fəaliyyət göstərdiyini deyib: “Bunlardan yalnız 148-i BMT-nin İSŞ-na üz ola bilib. Keçmiş postsovet məkanında Rusiyadan sonra BAMF-nin simasında yalnız Azərbaycan QHT-sinin bu yüksək statusa layiq görülməsi ölkəmiz üçün böyük nailiyyət və qürurdur. Bu uğur münasibəti ilə bütün ictimai sektor adından BAMF-nin sədri Umud Mirzəyevi təbrik edirəm. Azərbaycan dövləti QHT-lərin inkişafı üçün münbit şərait yaradıb. Bu şərait QHT-lərə ölkəmizi yalnız yerli deyil, həm də beynəlxalq miqyasda təmsil etməyə imkan verir”.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (UNDP) daimi nümayəndəsi Antonius Broek BAMF-a yüksək məşvərətçi statusunun verilməsinin QHT-lərlə BMT-nin əməkdaşlıq imkanlarının artmasına xidmət edəcəyini bildirib. BAMF-nin 1992-ci ildən bu yana vətəndaş cəmiyyəti sahəsində göstərdiyi fəaliyyətin BMT tərəfindən dəyərləndirildiyini bildirən Antonius Broek əldə edilən statusun həm şərəfli ad, həm də ictimai sektor qarşısında böyük məsuliyyət olduğunu qeyd edib.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanunlara edilən əlavə və dəyişikliklər zamanı ən tənqidi və səmərəli fikirlərin məhz QHT-lərin dilindən eşitdiyini qeyd edib: “Bu gün Azərbaycanın sabit və inkişaf edən dövlət olmasının əsas səbəbi ölkə idarəçiliyində KİV və QHT-lərin yaxından iştirak etməsidir. BAMF-ın yüksək məşvərətçi statusu qazanması bir təşkilatın deyil, bütövlükdə Azərbaycan QHT-lərinin nailiyyətidir”.
BAMF sədri Umud Mirzəyev 1945-ci ildən etibarən cəmi 148 QHT-nin belə bir status əldə edə bildiyini vurğulayaraq Azərbaycan təşkilatı olaraq belə bir uğur qazanmaqlarından qürur duyduqlarını söyləyib.
Toplantının sonunda A. Quliyev U. Mirzəyevə şuranın fəxri fərmanını təqdim edib.