Söyüş “qəhrəmanları” nə istəyirlər?
30 mart 2018 19:00 (UTC +04:00)

Söyüş “qəhrəmanları” nə istəyirlər?

 
 
 
İnsanın həyata baxışları keçmişdə topladığı təcrübənin əsasında formalaşır. Bizim yaxın keçmişimiz onu göstərir ki, müstəqilliyimizin ilk illəri bizim üçün çox ağır olub. Hətta 100 il bundan əvvəl baş vermiş hadisələrə - 31 martda Azərbaycanlıların soyqırımına, taleyüklü məqamlara xalqımız birləşərək mütəşəkkil münasibətini bildirib. 
 
 
 
Hamımız çox gözəl bilirik ki, bu gün Avropada yaşayan azərbaycanlıların böyük əksəriyyəti Vətəninə bağlılıq və sevgi nümayiş etdirirlər. Biz AzTV olaraq onların mütəşəkkil şəkildə keçirdikləri tədbirləri mütəmadi olaraq göstəririk. Xalqımızın dərdi, sevinci, ruhu ilə yaşayan övladlarını görəndə, onların həyata keçirdikləri layihələri işıqlandırdıqda biz özlüyümüzdə çox sevinirik. 
 
 
 
Amma təəssüflər olsun ki, Azərbaycandan kənarda yaşayanların içərisində söyüşü özünün leksik vahidinə çevirən insanlar da var. Belələri düşünürlər ki, Azərbaycana hansısa bir ləkə atmaqla özləri üçün bir üstünlük əldə edə bilərlər. Dumanlı sabahı real və işıqlı bu günə qurban vermək olmaz. Bunu onlar da çox gözəl dərk edirlər. Belələri inkişaf dialektikasını “Köhnəni dağıtmasan, yenisini qura bilməzsən” prinsipində görürlər. Ancaq unudurlar ki, dağılma prosesi milyonlarla insan üçün xaos, anarxiya və sonrası bəlli olmayan proseslər deməkdir. Bulanıq suda balıq tutmaq arzusu ilə yaşayanlar dağıntıların altında qalacaq yüz minlərlə insan taleyinə biganə olduqlarını da gizlətmirlər. Unudurlar ki, dağılma prosesi dövlətçilik tarixi üçün bərpa prosesinə sərf edilən on illərlə vaxtın itirilməsi və yaxud bu bərpanın mümkünsüzlüyü deməkdir. Unudurlar ki, inkişaf sözünün sinonimi praktik yanaşmada sabitlik və əmin-amanlıqdır. 
 
 
 
Bir məqamı da vurğulamaq istəyirəm ki, ziyalıların da bu prosesdə konkret olaraq öz fikirlərini bildirməsi üçün biz jurnalist olaraq onlara müraciət etməliyik. Onlar da bu işdə öz aktiv mövqelərini - vətəndaş mövqelərini ortaya qoymalı, göstərməlidirlər. Tam səmimiyyətlə deyirəm ki, hər yükü jurnalistlər çəkməli deyillər. Ziyalılar hər bir millətin inkişaf konturlarını cızan, onu işıqlı sabaha aparan real layihələri ortaya qoyan milli üstqurumdur. Biz onların bu işə cəlb olunmasını da xahiş etməliyik və onlar da prosesdə aktiv iştirak etməli, mövqe ortaya qoymalıdırlar. 
 
 
 
Həmçinin ali məktəb tələbələrini də bu işə cəlb etmək lazımdır. Çünki onlar da sabah Azərbaycanın ziyalı ordusunun sıralarına qoşulacaqlar. Xaricdə oturan klaviatura qəhrəmanlarının, iftira kampaniyasının önündə duranların əsas məqsədi daha çox gənclərdir. Biz gərək daha çox bunu qarşısını alaq və onların təbliğ etdiyi metodlara qarşı öncədən hansısa tədbirlər görməliyik. 
 
 
 
Bir şeyi də demək istəyirəm. Əgər insanın həyatda itirəcəyi bir şey yoxdursa, onunla mübarizə aparmaq çox çətindir. Belə bədxahlar insanın ən önəmli, ən əsas amalı olan Vətən anlayışını itiriblər. Ona görə belə insanlarla mübarizə aparmaq üçün bəzi məqamlarda düşünürəm ki, gərək elə onların özlərindən betər olasan ki, onlar öz yerinə otursunlar. Çünki bunun başqa çıxış yolunu tapmaq çətin olar. Çünki onlar akvariumda fırtına etmək təxəyyülü ilə yaşayırlar. Düşünürlər ki, bu ölkənin böyük perspektivlər vəd edən uğurlarına ləkə salmaqla nəyəsə nail ola bilərlər. Məncə, buna inanırlar da.
 
 
 
Unutmaq olmaz ki, Azərbaycanın müstəqilliyinə qarşı hər hansı bir addım varsa, biz jurnalistlər buna qarşı mütəşəkkil şəkildə mövqeyimizi ortaya qoymalı, buna qarşı barışmaz olmalıyıq. Biz bir toplum olaraq tarixin verdiyi bu nadir şansdan - müstəqilliyimizdən maksimum dərəcədə bəhrələnib daha güclü olmalı, ümummilli ideyalar ətrafında daha sıx birləşməli, taleyüklü məsələlərdə milli birlik nümayiş etdirməliyik. Parçalanmaq, hansısa bəsit və populist ideyaların arxasınca qaçmaq nəinki ruhumuzu, real mövcudluğumuzu məhvə apara bilər.
 
 
Faiq Hüsiyev
 
Əməkdar jurnalist
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 425
avatar

Oxşar yazılar